Bakı Ali Neft Məktəbinin (BANM) müəllim və bir qrup tələbə heyəti Polşanın Varşava şəhərində keçirilmiş “Perspektywy Women in Tech” sammitində iştirak ediblər.
Tehsil.biz xəbər verir ki, onlar Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Aygül Musayeva və həmin ixtisasın 3-cü kurs tələbəsi Cəmilə Əbilova, 4-cü kurs tələbəsi Sona Mehdizadə, İnformasiya təhlükəsizliyi ixtisasının 4-cü kurs tələbələri Şəms Gözəlova, Əsra Bayramova, 3-cü kurs tələbəsi Elza Qurbanova və 2-ci kurs tələbəsi Radmila Musayevadır.
BANM-in müəllim və tələbələri universitetlər arasında təşkil olunmuş seçim mərhələsini uğurla keçərək tam təqaüdə layiq görülüb və BANM-i “Perspektywy Women in Tech” sammitdə təmsil etmək hüququ qazanıblar.
“Perspektywy” Təhsil Fondu tərəfindən təşkil edilən sammitə dünyanın 100-ə yaxın ölkəsindən olan informasiya texnologiyaları, texnologiya və elm sahələrində çalışan minlərlə xanım qatılıb. Sammit “İnformasiya texnologiyaları”, “Kibertəhlükəsizlik”, “İdarəetmə”, “İqlim dəyişikliyi” mövzularında keçirilib. Sammitin məqsədi İT və yeni texnologiyalar sahəsində innovasiya proseslərini dəstəkləmək, həmçinin yüksək keyfiyyətli İT təhsilini təşviq etməkdir. Sammit ali təhsil, yeni texnologiyalara əsaslanan sənaye və startap icması arasında əməkdaşlıq sahəsində yaxşı təcrübələrin mübadiləsi və gənc xanımların elm və texnologiya sahəsində karyeraları üçün beynəlxalq dəstək platforması hesab olunur.
BANM-in müəllim və tələbələri tədbir zamanı Google, Microsoft, Amazon, Bloomberg, Cisco, İntel, ABB, Bayer, P&G və s. kimi müxtəlif beynəlxalq nüfuzlu şirkətlərin mütəxəssislərinin çıxışlarını dinləyiblər. İki gün davam edən sammitin proqramı texnologiya, kibertəhlükəsizlik, İT, idarəetmə sahəsində çalışan peşəkar mütəxəssislərlə görüşlər, ruhlandırıcı, motivasiyaedici, maraqlı çıxışlar, mentorluq sessiyaları və şəbəkələşmə bölmələrindən ibarət olub. Sammitdə intellektual yarışların təşkili və müxtəlif hədiyyələrlə mükafatlandırma mərasimləri də təşkil olunub. Tədbir zamanı İT və texnologiya sahəsində çalışan ekspertlər, gələcək işəgötürənlər və rəhbər şəxslər ilə görüşlər və mümkün təqaüd, təcrübə və iş imkanları barədə məlumatlar da əldə edilib.