Logo

İİTKM-də istehsalat təcrübəsi keçən BMU tələbələrinə sertifikatlar təqdim olunub

23.06.2022 13:24 286 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Dövlət və bələdiyyə idarəetməsi ixtisasının 10 tələbəsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təşkil olunan VI istehsalat təcrübəsində iştirak edib. Cari ilin fevral-may aylarında başa çatan istehsalat təcrübəsi çərçivəsində BMU-nun, eyni zamanda digər ali təhsil müəssisələrinin (Azəbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti)  tələbələri - islahat könüllüləri üçün İİTKM-də buraxılış günü  təşkil olunub.

Tehsil.biz xəbər verir ki, Tədbirdə könüllü proqramının mahiyyətindən söz açan İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qeyd edib ki, məqsəd gənclərin iqtisadi və analitik sahədəki mövcud potensialını üzə çıxarmaq və ondan səmərəli istifadə etməkdir. Mərkəzin hədəfində gəncləri gələcək karyeralarına görə doğru istiqamətləndirmək, eyni zamanda asudə zamanlarının səmərəli təşkilinə dəstək vermək kimi məsələlər də yer alır. Proqramın iştirakçısı olan tələbələrə və universitet nümayəndələrinə minnətdarlığını bildirən İİTKM rəsmisi könüllülərin Mərkəzə verdiyi töhfələrdən məmnun qaldıqlarını da ifadə edib.

Daha sonra tədbirdə istehsalat təcrübəçilərinin fəaliyyəti, “Fərdi İnkişaf Proqramı” daxilində təşkil olunan təlimlər və təcrübəçilərin təqdimatları haqqında ətraflı məlumat verilib, tələbələrin məqalə və təqdimatlarının, eləcə də elektron sertifikatların https://volunteer.ereforms.gov.az saytında yerləşdirildiyi diqqətə çatdırılıb.  

Tədbirdə BMU-nun Təcrübə şöbəsinin sədri Həsi Qasımov və müəllimi Yasər Əhmədov da çıxış edərək, könüllü proqramının məzunlar üçün yaratdığı imkanlardan danışıblar.

Tədbirin sonunda təcrübə müddətini uğurla başa vuran, fərqlənən könüllülərə sertifikat və təşəkkürnamələr təqdim olunub.

Xəbər lenti