Logo

İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilir - FOTOLAR

23.06.2022 11:58 285 baxış
IMG

İyunun 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı işə başlayıb.

Tehsil.biz xəbər verir ki, giriş nitqi ilə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov konfransın əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, konfransa Azərbaycan da daxil olmaqla ümumilikdə dünyanın 27 ölkəsindən məqalələr göndərilib. Beynəlxalq konfransda Almaniya, ABŞ, Fransa, İspaniya, İsveçrə, İtaliya, Polşa, Macarıstan, İsrail, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Bolqarıstan, Efiopiya, Gürcüstan, Hindistan, İran, Nigeriya, Pakistan, Qırğızıstan, Rusiya, Şri-Lanka, Türkmənistan, Ukrayna, Vyetnam və digər dövlətlərin ali təhsil müəssisələrindən olan tədqiqatçılar iştirak edir. Ümumilikdə 613 tədqiqat işi ən son məqalə qəbulu və dəyərləndirmə sistemi vasitəsilə konfransa göndərilib. Bu tədqiqat işləri qapalı dəyərləndirmə metodu ilə konfransın dünyanın müxtəlif ölkələrindən olan elm komitəsi üzvləri tərəfindən qiymətləndirilərək cavablandırılıb. Konfrans günlərində ümumilikdə 50-yə yaxın məruzə seksiyası təşkil olunacaq. Məruzə seksiyaları onlayn formatda keçiriləcək.

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov və “Paşa Holdinq” Şirkətlər Qrupunun baş iqtisadçısı Elman Eminov çıxış ediblər.

Qeyd edək ki, konfrans çərçivəsində UNEC əməkdaşları və tələbələrinin əl işlərindən ibarət “Qarabağ Azərbaycandır” mövzusuna sərgi nümayiş olunub. Həmçinin “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının sektoral qiymətləndirilməsi”, “Green economy and green finance (Yaşıl iqtisadiyyat və yaşıl maliyyə)” adlı kitablar və konfransın xülasələr kitabı təqdim olunub.

İyunun 26-dək davam edəcək konfransda 50-dən çox tanınmış mütəxəssisin iştirakı ilə aktual mövzularda vorkşoplar, eləcə də yerli və beynəlxalq nüfuzlu qurumların iştirakı ilə “Green Day” təşkil olunacaq.

 

Xəbər lenti