Logo

AzTU Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığa başlayıb

22.06.2022 20:57 320 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin əməkdaşlıq üçün göstərdiyi marağı yüksək qiymətləndirib. O, razılaşmanın maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, tələbələrin həm nəzəri biliklər, həm də praktik bacarıqlarla silahlandırılması istiqamətində müstəsna rol oynayacağını qeyd edib.

Sədr PMS imtahanlarının IFAC (Beynəlxalq Mühasiblər Federasiyası) standartlarına uyğunlaşdırılması, PMS-ə sahib şəxslərin ACCA-in müvafiq kvalifikasiyalarından azad olması mexanizmləri, peşəkar inkişaf proqramlarının hazırlanması və sertifikasiya prosesi ilə inteqrasiyası kimi məsələlərə toxunub. Məleykə Abbaszadə həmçinin DİM-in keçirdiyi PMS imtahanları haqqında statistik məlumatları təqdim edib, DİM-in Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları və tədris mərkəzləri ilə əməkdaşlığını xüsusi vurğulayıb.

Tədbirdə ACCA-in Türkiyə Regional Mərkəzinin nümayəndəliyinin iştirakı xüsusilə qiymətləndirilib və Filiz Demiröz bu əməkdaşlığın əhəmiyyəti, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barəsində danışıb.

Görüşdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev memorandumun universitetlər üçün əhəmiyyətindən danışıb. Rektor iqtisadi sahəyə aid ixtisasların tədrisi zamanı biliyin bacarığa, bacarığın isə vərdişə çevrilməsi üçün universitetlərin ciddi imkanlar ortaya qoymasının vacibliyini qeyd edib. İqtisadi sahə üzrə tədris proqramlarının beynəlxalq mühasibatlıq standartlarına uyğunlaşdırılmasının zəruriliyini bildirən Vilayət Vəliyev bu istiqamətdə müəllimlərin də biliyinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Rektor DİM-lə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyi ifadə edib.

Qeyd edək ki, tədbirdə DİM və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU), Xəzər Universiteti, Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında da Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, DİM-in ali təhsil müəssisələri ilə imzaladığı memorandumlar DİM və ACCA arasındakı Anlaşma Memorandumundan irəli gələn fəaliyyətlərin icrasına töhfə də verəcək.

Xəbər lenti