Logo

BSU-da ictimai məlumatlandırma günü keçirilib

22.06.2022 16:47 80 baxış
IMG

İyunun 22-də Bakı Slavyan Universitetində (BSU) Milli Məclisin deputatları, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə infosessiya-ictimai məlumatlandırma günü keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MM-in Elm və Təhsil komitəsinin üzvü Ceyhun Mənmədov, Milli Məclisin deputatı Arzu Nağıyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, media nümayəndələri, BSU-nun rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev qonaqları salamlayaraq,  tədbirin məqsədinin  BSU-nun fəaliyyətini mütəmadi olaraq ictimaiyyət üçün açıq elan etmək olduğunu bildirib. O, bu tədbirlərin davamlı olacağını deyib. Rektor Anar Nağıyev BSU haqqında təqdimatla çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına  Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun əsasında Bakı Slavyan Universitetinin fəaliyyətinə qərar verilib. Ulu öndərin bu uzaqgörən qərarının əhəmiyyətini vurğulayan Anar Nağıyev BSU-nun yeni bir mərhələyə keçid etdiyini qeyd edib.

Universitetin əldə etdiyi nailiyyətlərindən söz açan rektor son 22 ildə BSU-da həm bir sıra Şərqi Avropa dilləri, slavyanşünaslıq, jurnalistika, tərcümə, beynəlxalq münasibətlər üzrə mütəxəssis hazırlığı aparıldığını qeyd edib. Ali təhsil müəssisəsində 4000-dən çox tələbənin təhsil aldığını deyən rektor  ali təhsilin hər səviyyəsində müxtəlif ixtisaslar  üzrə üç dildə-Azərbaycan, rus və ingilis dillərində 75 ixtisaslaşma əsasında təhsil proqramları aparıldığını deyib. BSU-nun hədəfləri və qarşıdakı məıqsədlərinə toxunan rektor universitet olaraq tədqiqat prosesində dürüstlüyün əsas hədəf kimi seçildiyini bildirib. “Ulu Öndər Heydər Əliyevin imzası ilə yaradılan BSU Cənubi Qafqaz regionunda slavyanşünaslığın tədqiqi və öyrənilməsi, kadr hazırlığı istiqamətində birinci universitet kimi formalaşıb. Biz bununla qürur duyuruq ki, BSU məhz  bu kontekstdə Ulu Öndər Heydər Əliyevin yaratdığı  və regionda  slavyanşünaslıq üzrə birinci  universitetdir” – deyə o, qeyd edib. 

BSU-nun 2030-cu ilə qədər olan əsas hədəflərindən danışan rektor deyib ki, yaxın bir neçə il ərzində slavistika üzrə, xüsusilə tədqiqatlar sahəsində qlobal və regional şəkildə, tanınmış mükəmməllik mərkəzinə çevrilmək BSU-nun hədəflərindəndir. O, universitetin tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində aparılacaq işlərdən söz açıb. Təhsildə keyfiyyətin təminatı məsələsinin vacibliyini önə çəkən rektor bu kontekstdə həyata keçiriləcək fəaliyyətdən danışıb. O, xari nəzdində  Təhsildə Keyifyyətin Təminatı Agentliyi ilə əlaqələrdən söz açıb. Rektor məzunların əmək bazarına  hazırlanmasının  daha keyfiyyətli təşkil olunması üçün səriştəəsaslı proqramların tətbiq  edilməsinin əhəmiyyətini qeyd edib. Həmin  proqramlara  uyğun olaraq Təhsil Nazirliyinin Xarici dil üzrə qrant layihəsinin, Bolqar dilinin  tədrisi  və tədris resurslarının hazırlanması ilə  bağlı Bolqarıstan səfirliyi və Bolqarıstan Xarici İşlər Nazirliyi ilə layihənin  həyata keçirldiyini  diqqətə çatdırıb. Bununla yanaşı, Polşa ilə əlaqələrin genişləndirilməsi üzrə müəllim və tələbələrin birgə mübadilə proqramı üzərində çalışıldığını bildirib.  Anar Nağıyev yeni tədris ilindən psixologiya və korreksiyaedici təlim ixtiasları üzrə  kadr hazırlanması prosesinə başlanılacağını da vurğulayıb. O, statistik rəqəmlərə diqqət çəkərək, BSU-nun coğrafi olaraq Azərbaycanı necə əhatə etməsi barəsində statistik nəticələri qeyd edib. Həmçinin  əcnəbi  tələbələrin qəbulu ilə bağlı da məlumat  verib.  Rektor BSU-nun nəzdində  fəaliyyət göstərən Məktəb-Lisey Kompleksinin qarşısında duran hədəflərdən də söz açıb. Sonda Anar Nağıyev yaz imtahan sessiyasının gedişi ilə bağlı statistikanı da tədbir iştirakçılarının diqqətinə çatdırıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün görülən işlərdən söz açıb.

Milli Məclisin deputatı  Ceyhun Məmmədov bir ali təhsil müəsissəsi olaraq  BSU-nun gələcəyə baxışı, hədəf və məqsədlərinin olmasını müsbət qiymətləndirib.  Azərbaycanın tarixi ənənələrə  malik  olan universitetinin öz fəaliyyətini uğurla davam etdirdiyini qeyd edib. Yeni mərhələyə qədəm qoyan BSU-nun Azərbaycan universitetləri  arasında özünə layiq yer tutacağına inamını ifadə edib.

Milli Məclisin deputatı  Arzu Nağıyev BSU-nun  strateji əhəmiyyətli universtitet olduğunu bildirib. Dövlət qurumları üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində potensial mərkəz olduğunu qeyd edib. Universitetdə  Şərqi Avropa dilləri üzrə mütəxəssislərin yetişdirilməsində ciddi işlər görüldüyünü deyib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı rektor Anar Nağıyevə təqdimata görə təşəkkür edərək, tədbirin təşkilini yüksək qiymətləndiriblər. BSU-da aparılan islahatların, görülən işlərin bu ali təhsil ocağının fəaliyyətində qarşıya qoyulan yeni hədəflərin yerinə yetirilməsinə inam yaratdığını bildiriblər və bu sahədə uğurlar arzulayıblar.

İnfosessiya-ictimai məlumatlandırma günü İctimai Nəzarət Şurası və KİV nümayəndələrinin iştirakı ilə imtahan sessiyasının izlənməsilə yekunlaşıb.

Bir 5 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

 

Bir 1 nəfər, oturmalı və kostyum şəkili ola bilər

 

Xəbər lenti