Logo

Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi təşkil ediləcək

22.06.2022 13:52 225 baxış
IMG

İyulun 11–dən 16-dək “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi Quba rayonunda siyasi elmlər və diplomatiya üzrə yay məktəbi təşkil edəcək.

Tehsil.biz xəbər verir ki, yay məktəbinin keçirilməsinin əsas məqsədi tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanının yaradılmasıdır.

Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə siyasi elmə marağın artırılmasına hədəflənən yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:

- Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, politologiya və regionşünaslıq ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri;

- Yuxarıda qeyd olunan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son iki ildə məzun olmuş gənc peşəkarlar;

- Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə bacarığı, komanda işi, şəxsi səmərəlilik, düzgün qərarlar qəbul etmək bacarıqlarına sahib gənclər.

Yay məktəbinin bir çox sessiyaları ingilis dilində nəzərdə tutulduğu üçün ingilis dili üzrə səlis danışıq və yazı qabiliyyətinin (digər xarici dilləri bilmək üstünlükdür) olması arzuolunandır. Yay məktəbi zamanı yüksəkixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən təşkil olunacaq mühazirələrin yer alması, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulur. Həmçinin düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışların keçirilməsi planlaşdırılır.

Düşərgədə iştirak etmək istəyən və tələblərə uyğun gələn şəxslər Təhsil Nazirliyinin saytındakı keçidə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün müraciətlər iyulun 3-dək qəbul olunur. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və ya müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Yay məktəbinin proqramı haqqında daha ətraflı məlumat seçilən iştirakçılara təqdim olunacaq.

 

Xəbər lenti