"Buraxılış imtahanının mart ayında keçirilməsi qəbuldakı nəticələrə öz təsirini göstərib".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, imtahanların proqnozlaşdırıldığı vaxtdan tez keçirilməsi səbəbindən abituriyentlərin daha yaxşı hazırlaşmasına kifayət qədər vaxtları olmayıb:
"Biz nəticələri müqayisə etdiyimiz zaman görürük ki, buraxılış imtahanında maksimum nəticə göstərən yalnız iki nəfər idisə, blok imtahanında təkcə birinci qrupda maksimum nəticə əldə edən 10 nəfərdir. Bu imtahanlar iyun ayında keçirildi. Abituriyentlərin kifayət qədər vaxtı oldu ki, qəbul imtahanlarına daha yaxşı hazırlaşsınlar. Buraxılış imtahanı mayda keçirilsəydi, nəticələr kifayət qədər yüksək olacaqdı. Qəbul imtahanlarının nəticələrinin daha yaxşı olmasının səbəbi birmənalı olaraq abituriyentlərin ali təhsil müəssisələrinə hazırlaşması üçün kifayət qədər vaxt ayrılması ilə bağlıdır".
Ekspert bildirib ki, ikinci vacib məqam abituriyentlərin pandemiya səbəbindən imtahanlara hazırlaşmaqda çətinlik çəkməsindən ibarətdir:
"Onların repetitor yanında hazırlaşmağa daha çox vaxtları olmayıb, eyni zamanda Dövlət İmtahan Mərkəzi sınaq imtahanlarını çox az keçirib. Əvvəllər 3-4 dəfə, bəzən daha çox sınaq imtahanları olurdu və imtahan iştirakçıları yaxşı hazırlaşırdılar. Sınaq imtahanları imkan verirdi ki, məzunlar hansı mövzuları zəif bilirlərsə, onu düzəltsinlər. Bundan başqa, sual kitabçasından düzgün cavabların cavab kartına köçürülməsi ilə bağlı özlərində müəyyən bacarıqları formalaşdırırdılar. Çünki yeni tip test modelləri var. Bəzi hallarda biz görürük ki, abituriyentlər doğru bildikləri sualları cavab kartına düzgün köçürə bilmirlər və sürüşdürürlər. Yaxud hansısa cavabı bilirlər, amma cavab kartının üzərində işləyə bilmirlər. Sınaq imtahanları bu baxımdan vacibdir".
Kamran Əsədov qeyd edib ki, şikayətlərin daha çoxu situasiya tipli sualların yoxlanılması ilə bağlıdır:
"Bu sualları markerlər yoxlayır. Təkcə mart ayının 5-6-da keçirilən imtahanla bağlı 6000-dən çox şikayət var. Şikayətlər daha çox situasiya tipli sualların yoxlanılması zamanı markerlərin aşağı bal verməsi, yaxud ümumiyyətlə bal verməməsi ilə əlaqədardır. İkinci şikayət Ədəbiyyat fənni ilə bağlı müəyyən əsərlərdən olan fraqmentlərlə bağlı idi ki bunlar da çətin tipli test tapşırıqları hesab edilir. Bu istiqamətdə DİM şikayətlərə operativ reaksiya verib. Ortaya çıxan problemlərin həllində operativlik göstərilib. Digər tərəfdən Tarix fənni ilə bağlı bir test tapşırığında mübahisəli məqam olub. "Daşaltı əməliyyatı", yaxud "Daşaltı döyüşü" ifadəsi ilə bağlı şikayətlər var idi, amma DİM elmi tədqiqatlara və orta məktəb dərsiliklərinə əsasən test tapşırığı ilə bağlı öz mövqeyini ortaya qoydu. İmtahanlarda bəzi texniki səhvlər olur. Bunlar da qısa müddət ərzində aradan qaldırılır".