Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Böyük Britaniyanın Qrinviç Universiteti ilə birgə qalib gəldiyi "Creative Spark" layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim keçirilib.
UNEC-dən bildirilib ki, Qrinviç Universitetinin (University of Greenwich) professoru Jithendran Kokranikal iştirakçılara biznes ideyalarının reallaşdırılması, təqdimat bacarıqlarının artırılması, müştəri seqmentasiyasının təhlil edilməsi, bazar marketinqi araşdırmalarının aparılması, biznes “canvas” modelinin tətbiqi və s. istiqamətində təlim keçib.
Sonra Beynəlxalq əməkdaşlıq departamentinin layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimova və layihə meneceri Rauf Məmmədov “Creative Spark” barədə məlumat veriblər. Bildirilib ki, layihə 7 ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün 5 illik proqramdır.
Sonda iştirakçılar qruplar şəklində öz biznes ideyalarını təqdim ediblər.