15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun təbriki
"Hörmətli həmkarlar və əziz tələbələr!
Müasir Azərbaycan dövlətçiliyinin tarixində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm.
Çoxəsrlik dövlətçilik və birlik-həmrəylik ənənələrinə malik olan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində baş verən kataklizmlərdən, ümumxalq sınaqlarından mətanətlə çıxmağı, özünün milli varlığını və zəngin siyasi irsini mühafizə etməyi bacarmışdır. 1991-ci ildə məhz belə mürəkkəb və taleyüklü tarixi bir mərhələdə sovet imperiyasının əsarətindən azad olaraq, XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası gərgin ictimai-siyasi və hərbi vəziyyətlə üzləşdi. Qonşu Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı elan olunmamış müharibə, torpaqlarımızın işğal edilməsi, iqtisadi-sosial tənəzzülün fonunda 1992-ci ildə respublikamızda hakimiyyət başına gəlmiş Xalq Cəbhəsi-Müsavat dairələrinin səbatsız siyasəti, idarəçilikdə səriştəsizliyi və qruplararası ziddiyyətləri səbəbindən artıq 1993-cü ilin ortalarında ölkədə siyasi böhran daha da dərinləşmiş, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. İyun ayının əvvəlində Gəncədə baş verən silahlı qiyam bu hadisələrin kulminasiyası oldu. Belə ağır vəziyyətdə qədirbilən Azərbaycan xalqı o vaxt Naxçıvanda çətin şəraitdə fəaliyyət göstərən Ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Ömrünü Azərbaycanın xoşbəxtliyinə həsr edən dahi şəxsiyyət doğma xalqının səsinə səs verərək, ölkəni düşdüyü dərin siyasi, sosial-iqtisadi və hərbi böhran girdabından xilas etmək üçün çox məsul vəzifəni öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də o zamankı Ali Sovetin (Milli Məclisin) sədri seçilərək ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli lider qısa zamanda öz müdrik qərarları və həyata keçirdiyi çevik və məqsədyönlü tədbirləri ilə ölkədə ictimai-siyasi sabitliyi bərpa edərək, müstəqil dövlətçiliyimizin əsaslarını möhkəmləndirmək yolunda ardıcıl daxili və xarici siyasət kursunun icrasına başladı.
Ulu öndər Heydər Əliyevin yenidən ölkəmizin ali siyasi sükanı arxasına keçməsi respublikamızın həyatında xaos və anarxiyadan qurtuluşa doğru dönüş nöqtəsi oldu, vətəndaş müharibəsinin qarşısını aldı. Beləliklə, 15 iyun Azərbaycanın müasir tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Xalqımız öz qanı bahasına qazandığı müstəqilliyini və milli dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Bundan sonra Azərbaycan yenidən dirçəldi və sürətli inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmizin tərəqqisinin möhkəm və sarsılmaz təməli yaradıldı, gələcək yolunun aydın üfüqləri müəyyənləşdirildi.
Azərbaycan Respublikasının Prezidenti, Ulu öndərin böyük yolunun layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində dövlətimiz daha yüksək inkişaf səviyyəsinə çatdı, qüdrətli Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz torpaqlarını düşmən işğalından azad edərək, Ümummmilli liderin vəsiyyətini və xalqımızın ən ümdə arzusunu yerinə yetirərək ərazi bütövlüyünün bərpasına nail oldu. Əlamətdar haldır ki, məhz 2021-ci ilin 15 iyununda, Milli Qurtuluş Günündə Qafqazın incisi olan Şuşa şəhərində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin imzaladıqları Türkiyə və Azərbaycan arasında tarixi Şuşa bəyannaməsi dövlətimizin gücünə güc qatmaqla Ulu öndərin vaxtilə dediyi “Bir millət, iki dövlət!” tezisinin həyatiliyini yenidən nümayiş etdirdi.
İndiki dövrdə müstəqil Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməklə sürətli inkişaf yolunda qətiyyətlə irəliləyir. Bu günün Azərbaycanı məhz Ulu öndərin görmək istədiyi müstəqil, qüdrətli, bütöv, azad Azərbaycandır. Bu günün gəncləri, o cümlədən tələbələri müstəqil dövlətin müstəqil övladları kimi ölkəmizin inkişafı, işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması, abadlaşdırılması naminə inamla çalışır, onlara olan böyük ümidləri doğrultmağa səy göstərirlər.
Hörmətli həmkarlar və əziz tələbələr!
Sizi bir daha böyük fərəh və sevinc hissi ilə əlamətdar bayram münasibətilə təbrik edirəm. Fədakar pedaqoqlarımıza ölkəmizin gələcək ixtisaslı kadrlarının yetişdirilməsi kimi şərəfli və məsuliyyətli peşələrində yüksək əzmkarlıq, iradə və yeni nailiyyətlər, dəyərli tələbələrimizə isə bilikləri əldə etmək yolunda təşəbbüskarlıq və inadkarlıq, həmçinin davam edən imtahan sessiyasında uğurlar arzulayıram.
Bayramınız mübarək!"