Logo

Şahin Bayramov: "Nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaq"

15.06.2022 13:17 422 baxış
IMG

"Azərbaycanın taleyində dönüş anı və həlledici gün hesab edilən 15 İyun xalqımız üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyət kəsb edir. Düz 29 il əvvəl Azərbaycan xalqının təkidi ilə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması böyük qurtuluşa, davamlı tərəqqiyə və tarixi Zəfərə gedən yolun başlanğıcı hesab edilir".

Tehsil.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.

Rektor vurğulayıb ki, Azərbaycanın ən çətin və ağır günlərində xilaskarlıq və liderlik missiyasını öz üzərinə götürən dahi şəxsiyyətin misilsiz öndərliyi və titanik fəaliyyəti, böyük zəhməti və fədakarlığı, uzaqgörən və qətiyyətli siyasəti sayəsində ölkəmiz məhv olmaq təhlükəsindən qurtuldu və əbədi müstəqilliyinə qovuşdu.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən xalqımızın böyük oğlu Heydər Əliyev ölkəmizi dərin ictimai, siyasi, iqtisadi və sosial böhrandan, xaosdan, parçalanmadan və vətəndaş müharibəsindən xilas etdi. Müstəqil dövlətçiliyin əsaslarının yaradılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitlik, milli birlik və həmrəyliyin təmin olunması, hərtərəfli, davamlı və dinamik inkişaf yoluna qədəm qoyulması və dövlətimizin dünya birliyində mövqeyinin güclənməsi məhz əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu baxımdan 15 iyun - Milli Qurtuluş Gününün xüsusi təntənə ilə qeyd edilməsi, haqlı olaraq, qədirbilən xalqımızın öz Ümummilli Liderinə sonsuz minnətdarlığının ifadəsi kimi qiymətləndirilir.

Hazırda Ulu Öndərin müəyyən etdiyi siyasi kurs onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsində uğurla inkişaf etdirilir. Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaradan dövlət kimi tarixinin ən şanlı səhifələrini yazmaqda davam edir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində doğma yurdumuzun erməni işğalından azad edilməsi ilə xalqımız növbəti möhtəşəm qurtuluşunu yaşadı. Ərazi bütövlüyünün, tarixi ədalətin və milli qürurun bərpası ilə Ümummilli Liderimizin vəsiyyəti yerinə yetirildi. Əminəm ki, bu gün Azərbaycanın gündən-günə çiçəklənməsini, doğma və azad Qarabağın sürətlə dirçəldilməsini hiss edən Ulu Öndərin ruhu şaddır.

Milli Qurtuluşdan doğan Tarixi Zəfərin sonsuz sevinc, qürur və fəxarət hisslərini yaşayan xalqımız müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsini daim böyük ehtiram və minnətdarlıqla yad edir. Nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaq, onun ideyaları əbədi yaşayacaqdır.

Xəbər lenti