Logo

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 75 illik yubileyi qeyd olunub

11.06.2022 12:19 647 baxış
IMG

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 75 illik yubileyi qeyd edilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri, ziyalılar, Vətən müharibəsi qaziləri, şəhid anaları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən məktəb direktoru Nizami Əhmədov 75 illik təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söz açıb. N. Əhmədov məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib. 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək məktəb kollektivini yubiley münasibəti ilə təbrik edib. Bildirib ki, məktəb respublikada tanınan təhsil ocaqlarından biridir. Artıq 10 ildən çoxdur ki, ali məktəblərə qəbul imtahanları nəticələrinə əsasən gimnaziya respublika üzrə ilk üç pillədə qərarlaşır.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev TET Gimnaziyasının həm orta təhsil üzrə buraxılış imtahanlarında, həm ali məktəblərə qəbul imtahanlarında, həm də Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və yarışmalarda yüksək nəticə göstərdiyini vurğulayıb. Bildirilib ki, məktəbin fəaliyyəti ölkə üzrə yeni açılacaq lisey və gimnaziyalar üçün nümunədir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son illərdə Sumqayıtın təhsil sahəsində aparılan islahatlardan danışaraq, məktəblərin maddi-texniki bazasının möhkəmləndiyini, təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib.

Tədbir bədii hissə ilə davam edib. Şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatı haqqında mahnı ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.

Tədbirin sonunda bir qrup müəllim səmərəli pedaqoji fəaliyyətinə görə təltif olunub.

Xəbər lenti