Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımova Ali Məktəbin komandalarının “Teknofest” festivalında əldə etdiyi uğurlara görə təbrik məktubu göndərib.
Nazir məktubunda “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında Bakı Ali Neft Məktəbinin “Atəşgah”, “İstiqlal”, “Oğuz”, “Murov”, “Həkəri”, “Gülüstan” komandalarının yüksək nailiyyətlər əldə edərək müsabiqənin I, II və III yerlərinə layiq görülməsi münasibətilə təbrik edərək Ali Məktəbə elm, texnologiya və təhsil sahəsinin inkişafı kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsi sahəsindəki uğurlu fəaliyyətində nailiyyətlər arzulayıb.
“Əminəm ki, Bakı Ali Neft Məktəbi bundan sonra da üzərinə düşən şərəfli missiyanı böyük əzmlə yerinə yetirərək, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin və ixtiraların formalaşdırılması, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Neft və qaz texnologiyaları, elm və təhsilin müxtəlif sahələrinin inkişafına öz layiqli töhfəsini verərək dünya miqyaslı tədbir və festivallarda yüksək yerlərin tutulmasına nail olacaqdır”, - məktubda qeyd edilib.