Logo

Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir - FOTOLAR

07.06.2022 11:18 339 baxış
IMG

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

Heyətə DQİDK, Azərbaycan İlahiyyat İnstitutu ilə yanaşı, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşları daxildir.

İyunun 11-dək davam edəcək səfər çərçivəsində Tbilisi Cümə məscidi ziyarət olunacaq, Gürcüstanın Müsəlmanlar İdarəsi, Dini Məsələlər üzrə Dövlət Agentliyi və digər qurumlarda görüşlər keçiriləcək.

Nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşlarının iştirakı ilə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü qarşısında xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzülüb.

Daha sonra nümayəndə heyəti Tbilisidəki Cümə məscidində olublar.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov qonaqlara məscidin tarixi, burada saxlanılan nadir tarixi, mədəni və mənəvi abidələr barədə məlumat verib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidə mövcud olmuş Şah Abbas məscidindən qalmış abidə, eləcə də XVIII əsrdə əl ilə yazılmış və cəmi 5 nüsxədən ibarət Quran-i Kərimin nadir nüsxəsi ilə tanış olublar.

Sonra məscidin dini idarəsində görüş olub.

Ramin İgidov bu yaxınlarda Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın dəstəyi ilə Azərbaycana səfərlərini xatırladıb, işğaldan azad edilmiş ərazilərdə gördükləri erməni vandalizmindən dəhşətə gəldiklərini bildirib. O eyni zamanda, Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə aparılan tikinti-quruculuq işlərindən həvəslə və razılıqla danışıb.

Rəhbərlik etdiyi qurum barədə məlumat verdikdən sonra R.İgidov deyib ki, bu gün Gürcüstanda 300-dən çox məscid var. Onlardan 28-i son illərdə tikilib, 300-ə yaxını təmir olunub.

Sonra görüşdə Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq, dini qurumlar arasındakı əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Xəbər lenti