Logo

BDU-nun Elmi Kitabxanasında Türkiyənin “Narveri” təhsil və texnologiya şirkətinin rəhbərliyi ilə görüş keçirilib

06.06.2022 19:21 351 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Türkiyənin “Narveri” təhsil və texnologiya şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Elmi Kitabxananın direktoru Nigar İsmayılova və şöbə müdiri, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri Cəmilə Yusifova qonaqlara Azərbaycanın ən böyük və ilk ali məktəbi BDU, burada son illər həyata keçirilən islahatlar haqqında məlumat veriblər. Qeyd ediblər ki, bu ilin sonunadək Elmi Kitabxananın fəaliyyəti tam elektronlaşacaq.

“Narveri” təhsil və texnologiya şirkətinin baş direktoru, Fırat Universitetinin professoru Ahmet Bedri Ozer şirkətin fəaliyyət istiqamətləri, texnoloji məhsulları, məlumat bazaları və akademik kolleksiyalarını təqdim edib. O, şirkətin Türkiyədə nəşr olunan jurnalların 90 faizindən çoxunu və on minlərlə çap kitabını əhatə edən, 500 milyondan çox ingilis dilli sənəd ilə xarici dil məzmunu üzrə oxşarlıq testləri həyata keçirən plagiat proqramı haqqında məlumat verib.

Şirkətin kompüter mühəndisi Emre Doğan və Ankara OSTİM Texniki Universitetinin dosenti Ahmet Müngen PİRİ axtarış maşınının,  PİRİ Library Discovery Database Service (LİBDİS) və digər proqram təminatlarının imkanlarından bəhs ediblər. PİRİ axtarış maşını süni intellektlər tərəfindən dəstəklənən müasir axtarış alqoritmləri ilə məzmunu tapmaq məqsədi daşıyır və alimlər, tədqiqatçılar üçün istənilən mövzu haqda bir çox məlumat bazalarında axtarışın nəticələrini təhlil edərək siyahılar təqdim edir. PİRİ 100 milyondan çox akademik əsəri (məqalə, tezis və s.), 110-dan çox məlumat bazasının metaverilənlərini, yüzlərlə açıq girişli məlumat bazasının tammətnlərini əhatə edir. LİBDİS Türkiyədə 10 milyondan çox akademik əsərin tammətninin  toplandığı məlumat bazası və axtarış sistemidir.

Görüşün sonunda Elmi Kitabxanada Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv ali məktəb kitabxanalarının da iştirakı ilə türk dilində ən böyük axtarış maşını və məlumat bazalarının təqdimatının keçirilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti