Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin nüfuzlu Hacettepe Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Tehsil.biz xəbər verir ki, imzalanma mərasimindən əvvəl AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali təhsil ocağının Türkiyənin bir çox ali məktəbləri ilə əməkdaşlıq etdiyini və bu əməkdaşlığın səmərəli nəticələr verdiyini qeyd edib. O, AzMİU ilə Hacettetpe Universiteti arasında da ikitərəfli əlaqələrin “Mövlanə” mübadilə proqramı çərçivəsində başlandığını, müxtəlif illərdə müəllim və tələbələrin (dizayn ixtisası) Hacettepe Universitetində olduqlarını qonağın diqqətinə çatdırıb. 2019-cu ildə AzMİU ilə Hacettepe Universiteti arasında imzalanmış əməkdaşlıq protokolunun vaxtının bitdiyini, artıq yeni müqavilənin imzalanmasına ehtiyac olduğunu bildiriib. Rektor yeni sənədin hər iki tərəf üçün faydalı və perspektivli olacağını, ikili diplom proqramlarının tətbiqinin, müəllim və tələbə mübadiləsinin gələcəkdə müsbət nəticə verəcəyini vurğulayıb.
Professor Mehmet Cahit Güran rəhbərlik etdiyi Hacettepe Universitetində fəaliyyət göstərən mərkəzlər, tədris olunan ixtisaslar haqqında geniş məlumat verib. O, bu memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd edib.
Anlaşma memorandumuna əsasən, ali təhsil ocaqları tədqiqatçı, tələbə, magistr və doktorantların mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili sahələrində, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə əməkdaşlıq edəcəklər.