Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.
Son 3 il ərzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunaraq hazırda müəllim kimi faəliyyət göstərən şəxslər istisna olmaqla hazırda çalışan digər müəllimlər müsabiqədə iştirak hüququna malikdirlər.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan (cari tədris ili üzrə təhsilini tamamlamış) sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nömrəsi” bölməsinə “Arayış” sözü yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaq.