“Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində keçirilən “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” təlimləri yekunlaşıb.
Tehsil.biz xəbər verir ki, cari ilin aprel ayının 4-dən başlayan ixtisasartırma təlimləri 60 saatlıq proqramı əhatə edib və təlimlərə100 nəfər məktəb psixoloqu cəlb olunub.
Təlimlərin məqsədi məktəb psixoloqlarını psixologiya sahəsində müasir yanaşmalarla tanış etmək, onların məktəbdə psixoloji xidmətin təşkili istiqamətində peşə bacarıqlarını artırmaq, psixokorreksiya, psixodiaqnostika, psixokonsultasiya, davranış problemi olan şagirdlərlə işləmək bacarıqlarının formalaşması və təkmilləşdirilməsinə dəstək göstərməkdir.
Təlim müddətində, həmçinin “Məktəblinin dostu” layihəsinin psixoloqları “Sosial-emosional problemlərin həllində art terapiya” mövzusunda təlimlər keçiblər.
Təlimlərin yekununda məktəb psixoloqları üçün test və yazılı şəkildə olmaqla imtahan təşkil edilib və imtahanların nəticələrinə əsasən, onlara sertifikatlar təqdim olunub.