Logo

İqtisadiyyat və Humanitar Kollecdə Müstəqillik Günü qeyd olunub

31.05.2022 17:46 395 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru Səhər Orucova Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu deyib. Qeyd edib ki, mövcud olduğu 23 ay ərzində Xalq Cümhuriyyəti ölkə həyatının müxtəlif sahələri ilə yanaşı, təhsilə böyük önəm verib. Bakı Dövlət Universiteti məhz həmin dövrdə yaranıb. Səhər Orucova Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan etdiyini söyləyib: “Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli dövlətçilik tariximizə diqqət və qayğının bariz göstəricisidir”.

Tədbirdə kollecin tələbələri vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirib, milli rəqslər ifa ediblər. Tələbələrin hazırladıqları videoçarxlar, rəsm əsərləri nümayiş etdirilib.

Xəbər lenti