Logo

MDU əməkdaşları Ankarada Müstəqillik Günü ilə bağlı rəsmi qəbulda iştirak ediblər - FOTOLAR

28.05.2022 16:48 112 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 28 May- Müstəqillik Günü və 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə keçirdiyi rəsmi qəbulda təmsil olunublar.

Tehsil.biz xəbər verir ki, qəbulda Türkiyə ali hakimiyyət orqanlarının təmsilçiləri, qardaş ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Türkiyə ictimaiyyətinin görkəmli simaları, azərbaycanlılar iştirak ediblər.

Təntənəli şəkildə təşkil olunan qəbul rəsmi və bədii hissədən ibarət olub.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuad Oktay və səfirliyimizin nəzdində Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov çıxış ediblər.

Sonra, iştirakçılar Azərbaycanın müstəqillik tarixinə, ordu quruculuğuna və Azərbaycan - Türkiyə münasibətlərinin 30 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olublar

Bədii hissədə tanınmış azərbaycanlı sənətçilər Elnur Hüseynov, Etibar Əsədli və Ələfsər Rəhimovun, eləcə də İstanbulda yaşayan məşhur pianoçu - bəstəkar, Azərbaycanın əməkdar artisti Turan Manafzadənin, opera sənətçisi Aytən Xanıyevanın ifaları, Ankarada fəaliyyət göstərən “Xəzər” Azərbaycan xalq rəqsləri qrupunun ifaları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Səhnədə Azərbaycanı tərənnüm edən videogörüntülər nümayiş etdirilib.

Qəbulda iştirak edən MDU təmsilçiləri müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, dövlət rəsmiləri və sənət adamları ilə görüşüblər. Qəbulda iştirak etməkdən böyük məmnunluq hissi keçirdiklərini bildirən universitet heyəti dəvətə və yaradılan imkanlara görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, hazırda MDU-nun 5 əməkdaşı - Mexanika kafedrasının müdiri Mahir İsmayılov, Energetika kafedrasının müdiri Ülkər Aşurova, Tədris şöbəsinin mütəxəssisləri Azad Mirzəbəyov, Elçin Tağıyev və Karyera və İnkişaf Mərkəzinin (KİM) mütəxəssisi İlhamə Məmmədova Türkiyənin Qazi Universitetində bir aylıq təlim və təcrübə keçmək məqsədilə Ankara şəhərinə ezam olunublar.

Xəbər lenti