Logo

Anar Kərimov Ağcabədidə mədəniyyət ocaqlarına baş çəkib - FOTOLAR

27.05.2022 21:44 114 baxış
IMG

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanan bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov Ağcabədi rayonuna səfər edib.

Tehsil.biz xəbər verir ki, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baxış keçirən nazir müəssisədə fəaliyyətin təşkili ilə maraqlanıb.

Sonra həmin binada fəaliyyət göstərən Ağcabədi Dövlət Rəsm Qalereyası ilə tanışlıq olub.

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinə gələn nazirə məlumat verilib ki, mərkəzin qış və yay konsert zalları mövcuddur. 50 şagirdin təhsil aldığı mədəniyyət ocağında 24 nəfər müəllim səs və tar ixtisasları tədris aparır. 

Səfər çərçivəsində mədəniyyət naziri Ağcabədi şəhərindəki yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə, parkda yerləşən II Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsinə baş çəkib. Anar Kərimov həmin parkda dəfn edilmiş 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət edib, üzərinə tər çiçəklər düzüb.

Sonra nazir Anar Kərimov Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Ağcabədi, Ağdam və Laçın rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Anar Kərimov çıxış edərək bildirib ki, Ağcabədi rayonuna səfərinin əsas məqsədi mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Eyni zamanda həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə vermək də əsas məqsədlərdəndir. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 illik işğala son qoyduğunu bildirən Anar Kərimov azad edilmiş ərazilərdə qısa müddət ərzində geniş bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkə başçısının rəhbərliyi və bilavasitə nəzarəti altında Qarabağda böyük infrastruktur layihələri həyata keçirilir. Həmin ərazilərdə eyni zamanda genişmiqyaslı mədəni quruculuq işləri aparılır: “Mədəni zənginliklər diyarı olan əzəli yurd yerlərimizə mədəniyyətin geri qaytarılması prosesi bizləri sevindirir. Bu istiqamətdə həyata keçirilən layihələrə Mədəniyyət Nazirliyi də öz töhfəsini verməyə çalışır. Ölkəmizin mədəniyyət ictimaiyyəti də bu prosesdə, təbliğat-təşviqat işlərində yaxından iştirak etməlidir”. 

Görüş zamanı regionun mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. 

Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının çağımızın vacib tələbi olduğunu diqqətə çatdırıb. 

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti