Logo

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti “Açıq qapı” tədbiri keçirilib

27.05.2022 15:43 103 baxış
IMG

27 may tarixində gənclərinin peşə təhsilinin yaratdığı imkanlar barəsində maarifləndirmə məqsədilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti “Açıq qapı” tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, valideynlər, həmçinin işəgötürənlər iştirak edib. Tədbirə ümumtəhsil müəssisələrində təhsil alan 500-dən çox IX və XI sinif şagirdi qatılıb.

Tədbir zamanı qonaqlar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar.  Tədbirdə “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Bərbər”, “Dərzi”, “Ağac nəqqaşı”, “Mebel ustası”, “Elektrik qaz qaynaqçısı”, “Kimyəvi analiz laborantı”, “Laborant mikrobioloq”, “Bərbər-vizajist-manikürçü”, “Kompüter operatoru”, “Rabitə avadanlıqlarının quraşdırıcısı” və “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisaslarında təhsil alan tələbələrin əl işləri sərgilənib, eyni zamanda həmin ixtisaslar üzrə ustad dərsləri təqdim edilib.

“Açıq qapı” günündə iştirakçılara 2022/2023-cü tədris ili üzrə qəbul aparılacaq ixtisaslar barədə, eyni zamanda peşə təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini bitirmiş uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa xidmət edir.

Xəbər lenti