Logo

BŞTİ müdiri: "Bakıda 10-dan çox məktəbin təmiri nəzərdə tutulub" - MÜSAHİBƏ

27.05.2022 12:19 117 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyevanın APA-ya müsahibəsi:

- Bu ildən "Son zəng"in ənənəvi qaydada keçirilməsi nəzərdə tutulur. Pandemiya ilə əlaqədar dərslər bir qədər gec başladığından "Son zəng"in də gec keçiriləcəyinə dair məlumatlar yayılır. Konkret vaxt məlumdurmu?

- Bununla bağlı Təhsil Nazirliyinin əmri olmalıdır. Lakin əmr olmadığı üçün konkret bir şey demək mümkün deyil. Lakin dərslər iyunun 14-də bitəcək.

- "Formula-1" yarışları ilə əlaqədar bəzi məktəblərin distant təhsilə keçəcəyi ilə bağlı xəbər yayılıb. Bu haqda nə deyə bilərsiniz?

- "Formula-1" yarışlarının keçirilməsi ilə əlaqədar iyunun 9-da test günləri olacaq. Bu səbəbdən bir neçə məktəb distanta keçə bilər. Bununla əlaqədar təlimat olacaq və ona uyğun addımlar atılacaq.

- Növbəti ildə Bakıda neçə yeni məktəb binasının açılması gözlənilir?

- Bakıda sentyabr ayı üçün 4 yeni məktəb istifadəyə veriləcək. Əlavə bir məktəb də tikilir və onun da yeni tədris ilindən açılması gözlənilir. Lakin dördü hazırdır. Bunlar Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi, Yeni Yasamal və Kürdəxanı qəsəbəsindədir. Sonrakı mərhələlərdə də yeni məktəb binaları tikiləcək.

- Hazırda paytaxtda əsaslı təmirə ehtiyacı olan nə qədər məktəb var?

- Bakıda əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı konkret olaraq müəyyənləşdirilməyib. Amma təxminən 10-dan çox məktəbin əsaslı təmiri nəzərdə tutulur. Bu istiqamətdə təhlillər aparılır və təqdimat verilib.

- Paytaxtda əhali sayı artdıqca, məktəblərdə şagird sıxlığı problemi də ortaya çıxır. Əsas şagird sıxlığı Bakının hansı rayonlarındadır?

- Bu gün əsasən ucqar rayonlardan iş üçün Bakıya axın var. Bu səbəbdən Suraxanı, Sabunçu, Qaradağ rayonlarında müəyyən yerlərdə şagird sıxlığı müşahidə olunur. Amma düşünürük ki, yeni tədris ilindən 4 məktəbin açılması bu sıxlığın aradan qaldırılmasına müəyyən qədər töhfə verəcək. Şagird sıxlığı əsasən obyektiv amillərlə bağlıdır.

- Bildiyimiz kimi, Nazirlər Kabineti məktəbli formalarının təsvirlərini təsdiq edib. Bəs, Bakı məktəblərində formaların rəngləri müəyyənləşdirilibmi?

- Ümumi qayda belədir ki, avqust ayında məktəblərdə pedaqoji şuraların iclası olacaq. 3 il müddətinə 4 formadan biri seçiləcək. Burada valideynlərin də, kollektivin də rəyi nəzərə alınacaq və buna uyğun addımlar atılacaq.

- Bir sıra məktəblərin inkişaf planı təqdim olunub. Əsasən məktəblərimizdə hansı çatışmazlıqlar müşahidə edilir?

- Bu, təhsil sistemində yeni bir prosesdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblər monitorinq olunur. 4 istiqamətdə monitorinq olunan məktəblərin təhlili həm bizə, həm də məktəbə təqdim edilir. Daha sonra məktəblər bu təhlilə əsasən bizim Təlimə Dəstək Mərkəzinin metodistləri ilə bərabər inkişaf planı hazırlayırlar. İnkişaf Planı 3 il üçün nəzərdə tutulub. Amma təbii ki, prosesin hansı səviyyədə icra olunması məktəb rəhbərliyinin, kollektivin fəaliyyətindən çox asılıdır. Lakin bu, yeni prosesdir. Məktəbə yeni ruh, yeni baxış gətirir. Mütləq şəkildə bunun müsbət təsirləri olacaq. Ortaya çıxan çatışmazlıqlar müxtəlifdir. Pedaqoji prosesin özündə, müəllimlərin yeni kurikulumları tətbiq etməsində, qiymətləndirmə, psixoloji mühit, şagird-müəllim münasibətlərində çatışmazlıq ola bilir.

- Bəs Bakının ucqar hissələrində təhsilin vəziyyəti necədir?

- Məsələn, Çilov adası kiçik bir yerdir. Təxminən 800-ə yaxın əhalisi var. Orada bir məktəb fəaliyyət göstərir. Məktəb təxminən 200 şagird yerlikdir. Hazırda orada 72 şagird təhsil alır, 30-a yaxın rəhbər heyət və müəllim var. Ada sakini olan və buranı xüsusi olaraq seçən müəllimlərimiz var. Təhsil prosesi də qaydasında gedir. Heç bir problem yoxdur.

- Artıq neçə illərdir Azərbaycan təhsilində beynəlxalq qiymətləndirmələr aparılır. PISA, PIRLS, TİMSS və digər qiymətləndirmələri misal çəkmək olar. Aparılan qiymətləndirmələrin nəticələri necədir? Bu, təhsilimizdə hansı dəyişiklikləri etməyə əsas verir?

- Burada əsas məsələ beynəlxalq müstəvidə təhsilin problemlərini görüb, o istiqamətə yönəlməkdir. Bu gün görülən işlərin əksəriyyəti o təhlillər əsasında aparılır. İcma əsaslı təhsil və məktəbəqədər təhsilin Təhsil Nazirliyinə verilməsi və s. bunun nəticəsidir. Beynəlxalq təhlillər onu göstərir ki, yuxarı pillədə şagirdlərin nailiyyətləri məktəbəqədər təhsildən çox asılıdır. Digər tərəfdən dünya bu gün 4 əsas bacarığı tələb edir. Bunlar kommunikativ, komandada işləmək bacarığı, tənqidi və yaradıcı təfəkkürün formalaşmasıdır. STEAM layihəsinin, Rəqəmsal Bacarıqların gətirilməsi, yaxud Sinqapur modelinə əsaslanan riyaziyyat və təbiət kitablarının hazırlanması və s. bütün bunlar beynəlxalq müstəvidə təhlillərlə təhsildə islahatların getməsinə imkan verir. Bunlar şübhəsiz ki, öz nəticəsini verəcək.

Xəbər lenti