Logo

NASA Bakı Ali Neft Məktəbinin komandasını təltif edib

26.05.2022 21:44 144 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) BHOS komandası NASA “Marshall” Kosmik Uçuş Mərkəzi tərəfindən sertifikatla təltif olunub.

Tehsil.biz xəbər verir ki, komanda bu sertifikata NASA-nın “Human Exploration Rover Challenge” müsabiqəsində uğurlu iştirakına görə layiq görülüb. Yeri gəlmişkən, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bu müsabiqədə ölkəmizi BANM-in tələbələri təmsil edib.

Sertifikat 9 ay müddətində “NASA HERC” roverin uğurlu dizaynı ilə yanaşı, müxtəlif hesabatlar, təqdimatlar, tapşırıqlar kimi tələblərini yerinə yetirərək müsabiqəni tamamlayan komandalara təqdim olunur.

Ötən ilin iyul ayında yaradılan “BHOS NASA HERC 2022” komandası 9 aylıq fəaliyyətlərinin nəticəsində finala vəsiqə qazanıb və digər 8 ölkədən 90 komanda ilə mübarizə aparıb. Bura ABŞ-nin nüfuzlu universitetlərini təmsil edən komandalar da daxildir. Komandanın tərkibi məsləhətçi Aygül Musayeva, komanda lideri Nihad Həbizadə, Anar Alızadə, Şəmistan Lətifov, Cavid İsayev, Aytən Sədirova, Şəms Gözəlova, Turan Səfərova və BANM-də təhsil alan 12 tələbədən ibarətdir.

"NASA Human Exploration Rover Challenge" hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Beynəlxalq müsabiqə tələbələrin mühəndislik və STEM layihələrinin təşkili bacarıqlarının sınanmasını əhatə edir. Hər il dünyanın müxtəlif ölkələrindən olan orta və ali məktəb komandaları bu müsabiqədə rəqabət aparır.

Xəbər lenti