Logo

Aİİ-də Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

26.05.2022 19:00 113 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Razi Nurullayev, Qənirə Paşayeva, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, dini konfensiya üzvləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. Rektor bugünün önəmini vurğulayaraq, uzun illər Çar Rusiyasının əsarətində qalmış, məhrumiyyətlər içində yaşamış Azərbaycan xalqının, nəhayət, 1918-ci ildə qazandığı müstəqilliyinin çətinliklərlə başa gəldiyini vurğulayıb.

Ali təhsil müəssisəsinin rəhbəri daha sonra bildirib ki, həmin dövrdə və çətin şəraitdə Cümhuriyyətin elan olunması və dünyaya tanıdılması istiqamətində Azərbaycan ziyalıları, ideoloqları əllərindən gələni əsirgəməyərək, bu müqəddəs vəzifəni yerinə yetirməyi bacardılar.

Aqil Şirinov xalqımızın müstəqillik uğrunda mübarizə əzminin heç zaman tükənmədyini, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi şücaətə bütün dünyanın şahid olduğunu diqqətə çatdırıb. Aİİ rektoru vurğulayıb ki, Vətənimizin azadlığı və bütövlüyü uğrunda xalqımızın göstərdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.

A.Şirinov daha sonra hazırda ölkəmizdə dini həmrəyliyin ən yüksək səviyyədə təzahür etdiyini, Azərbaycanımızın inkişafı üçün bundan sonra da birlikdə çalışmalı, səylərimizi birləşdirməli olduğumuzu vurğulayıb.

Tədbirdə Azərbaycan Televiziyası “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Yaradanın adı ilə” sənədli televiziya filmi nümayiş olunub.

Filmdə Azərbaycan cəmiyyətində tolerantlığa, multikultural dəyərlərə verilən önəmdən bəhs edilir.

Filmdə İslam dini xadimlərinin nümayəndələri ilə yanaşı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Dini Qurumunun katibi Arximandrit Aleksi, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Katolik Kilsəsinin nümayəndəsi Toral Ağayev, Bakı Şəhər Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, dinşünas Nəriman Qasımoğlu və başqaları Azərbaycanda dini konfessiyalar üçün yaradılmış lazımi şəraitdən söz açıblar.

Millət vəkilləri Ceyhun Məmmədov, Razi Nurullayev və Qənirə Paşayeva filmin yaradıcı heyətinə və Azərbaycan İlahiyyat İnstitutuna təşəkkürlərini bildiriblər. Gənc nəsil üçün Azərbaycan həqiqətlərini dünyaya nümayiş etdirməkdən ötrü bu istiqamətdə filmlərə ehtiyac olduğunu qeyd ediblər. Millət vəkilləri xalqımızın milli-mənəvi dəyərlərinə, birgəyaşayış ənənələrinə diqqət çəkərək, əsrlərboyu bu mühitin qorunub saxlanılaraq dövrümüzə qədər gəlib-çatdığını, müstəqil Azərbaycan Respublikasının bu ənənələrə sadiq qalaraq daha da inkişaf etdiyini vurğulayıblar.

Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov filmin yaradıcı heyətini təbrik edərək, belə filmlərin müxtəlif dillərdə çəkilərək dünya ölkələrində nümayişinin əhəmiyyətinə toxunublar.

Azərbaycan Televiziyası Analitik Qrupunun sədri, əməkdar jurnalist Faiq Hüsüyev, “Yaradanın adı ilə” sənədli televiziya filminin rejissoru Elnurə Kazımova, ssenari müəllifi Afaq Vasifqızı Azərbaycan Televiziyasının çəkiliş qrupunun yalnız Bakıda deyil, Azərbaycanın bölgələrində də işlədiklərini bildiriblər. Qubada, Şamaxıda və Qəbələdə çəkiliş aparan yaradıcı heyət kilsələrdə, sinaqoq və məscidlərdə olub, din xadimləri ilə müsahibələr aparıb.

Filmdə Azərbaycandakı ən gözəl dini məbədlər nümayiş olunub.

Xəbər lenti