Logo

“Monumental həyat” adlı sənədli filmin təqdimat mərasimi keçirilib - FOTOLAR

26.05.2022 15:55 109 baxış
IMG

25 may 2022-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan heykəltaraşlıq məktəbinin banisi, milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstərmiş Xalq rəssamı Fuad Əbdurəhmanova həsr olunmuş “Monumental həyat” adlı sənədli filmin təqdimat mərasimi təşkil edilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlıq akademiyasının təşkilatçılığı, Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev və “Havissos” MMC-nin dəstəyi ilə ərsəyə gəlmiş 39 dəqiqəlik filmdə Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov və Asəf Zeynallının portretlərinin, həmçinin “Azad qadın”, Səməd Vurğun, Nizami Gəncəvi, Mehdi Hüseynzadə və Həzi Aslanovun heykəllərinin müəllifi olan Fuad Əbdurəhmanovun həyat və yaradıcılığı tam əks olunmuşdur. Samir Kərəmoğlu və Əli Mikayılovun rejissorluğu ilə hazırlanmış filmin çəkilişləri Bakı, Gəncə və Şəki, həmçinin Sankt-Peterburq, Moskva, Düşənbə və Brüssel şəhərlərində baş tutub. Filmdə nümayiş olunan epizodlar Azərbaycan Dövlət Arxiv İdarəsin, Azərbaycan Dövlət Televiziyasının və Dövlət Film Fondunun arxivlərindən götürülüb.

“Monumental həyat” adlı sənədli filmin təqdimat mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri Cavanşir Feyziyev, Vüqar İsgəndərov, Elman Nəsirov və Rafael Hüseynov,  Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Fuad Əbdurəhmanovun ailə üzvləri, mədəniyyət, incəsənət və elm xadimləri, tanınmış simalar iştirak ediblər.

“Monumental həyat” adlı sənədli film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

​​​

Xəbər lenti