Logo

Bakı Mühəndislik Universitetində 28 May-Müstəqillik Günü qeyd olunub

26.05.2022 14:48 141 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 104 il bundan öncə, 1918-ci il mayın 28-də Azərbaycan millətinin müsəlman Şərqində ilk demokratik paralament respublikası yaratdığını xatırladıb və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının qədim dövlətçilik ənənələrinə malik xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Cəmi 23 ay mövcud olmuş Xalq Cümhuriyyətinin gördüyü böyük işlərdən bəhs edən rektor təəssüflə bildirib ki, həmin dövrdə olduqca mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq mümkün olmayıb.

Dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ilk illərdə yaşanan siyasi prosesləri nəzərə çatdıran ali təhsil ocağının rəhbəri yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda daxili ictimai-siyasi sabitliyin yarandığını deyib. Tarixi proseslərin müstəqilliyin qoruyub saxlamağın daha çətin, məsuliyyətli bir iş olduğunu bildirən Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyimizin əbədi olması üçün qətiyyətli addımlar atdığını, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini, hərbi sənayemizin qurulduğunu, bütün sahələrdə əsaslı islahatlar aparıldığını, bir çox taleyüklü enerji layihələrinə imza atıldığını vurğulayıb.

Ulu Öndərin layiqli varisi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi, iqtisadi və sosial islahatların uğurla gerçəkləşdirdiyini fikirlərinə əlavə edən Havar Məmmədov keçən qısa zaman kəsiyində qazanılmış mühüm nailiyyətləri sadalayıb. Ötən illər ərzində Azərbaycanın hərbi, iqtisadi qüdrətinin daha da artdığını önə çəkən rektor 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin kökündə Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu, milli birlik strategiyasının, bu dövrdə yetişdirilən vətənpərvər gəncliyin misilisiz qəhrəmanlıqlarının dayandığını bildirib. Azərbaycan xalqının artıq iki ildir ki, Müstəqillik Gününü daha qürurlu şəkildə, qalib xalq kimi qeyd etdiyini deyən Havar Məmmədov ərazi bütövlüyü bərpa olunan müstəqil dövlətimizin, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tarixdə özünün ən güclü dövrünü yaşadığını söyləyib.

Çıxışının sonunda Müstəqillik Günü münasibətilə ən xoş diləklərimi çatdıran, gənclərə tövsiyələrini verən rektor doğma Azərbaycanımızın dövlət müstəqilliyinin əbədi olacağını vurğulayıb.

Bayram tədbiri BMU-nun Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın rəhbərliyi ilə hazırlanmış konsert proqramı ilə davam edib, universitet tələbələrinin ifasında mahnı və rəqslər təqdim olunub.

Tədbir çərçivəsində BMU-nun Memarlıq və inşaat fakültəsinin 1-ci kurs tələbəsi Aysun Mustafazadənin vətənpərvərlik və digər mövzularda əl işlərindən ibarət əsərlər də nümayiş edilib.

Xəbər lenti