Logo

"Schlumberger” şirkətinin Xəzər regionu üzrə nümayəndəsi BANM-də olub

26.05.2022 12:01 93 baxış
IMG

“Schlumberger” şirkətinin Xəzər regionu üzrə işəgötürmə koordinatoru Daniyal Serikbayev Bakı Ali Neft Məktəbində olub.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Ali Məktəbin kampusu ilə tanış olan qonaq sonra rektor Elmar Qasımovla görüşüb.

Qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor rəhbərlik etdiyi ali məktəb barədə məlumat verib. O bildirib ki, BANM yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlayır və ölkənin ən yüksək bal toplayan tələbələri bu ali təhsil ocağını seçirlər: "Əldə etdiyimiz nüfuzun göstəricisidir ki, hər il Prezident təqaüdünə layiq görülən tələbələrimizin sayı artır. Təkcə bu tədris ilində ölkə üzrə Prezident təqaüdünə layiq görülmüş tələbələrimizin sayı 33 nəfər olub ki, bu da Azərbaycan universitetləri tarixində rekord göstəricidir. Bizim Ali Məktəbin məzunları nəhəng transmilli şirkətlərdə çalışırlar. 10-a yaxın məzunumuz "Schlumberger” şirkətində yüksək vəzifədədir”.

“Schlumberger” şirkətinin nümayəndəsi BANM-dəki mühiti yüksək qiymətləndirərək bildirib ki, burada keyfiyyətli təhsil almaq üçün hər cür şərait mövcuddur.

Daha sonra Daniyal Serikbayev Kampusun Senat zalında tələbələrlə görüşüb. O, tələbələrə şirkət haqqında, onun tarixi, işəgötürmə siyasəti barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti