Logo

AzMİU-da Akif Abdullayevin 70 illik yubileyi qeyd olunub - FOTO

26.05.2022 10:14 115 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində Əməkdar memar Akif Abdullayevin 70 illik yubileyi qeyd olunub.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova tədbiri açaraq Azərbaycan memarlığına dəyərli töhfələr vermiş Akif Abdullayevin ömür yolu və fəaliyyətindən danışıb. Akif Abdullayevin 2004-cü ildən AzMİU-nun Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri kimi fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdıran dekan onun bu illər ərzində ölkəmiz üçün gənc memar mütəxəssislərin hazırlanmasında öz təcrübəsini, tövsiyə və məsləhətlərini əsirgəmədiyini xüsusi qeyd edib.

Universitetin rektoru professor Gülçöhrə Məmmədova mahir memar, xeyirxah insan, gözəl dost, sevimli həmkar və səmimi dost kimi dəyərləndirdiyi Akif Abdullayevi professor-müəllim heyəti adından 70 illik yubileyi münasibətilə təbrik edib. Rektor çıxışında həmkarının seçdiyi memarlıq sənətini çox sevdiyini, işinə böyük məsuliyyətlə yanaşdığını, gördüyü işlərlə Azərbaycan memarlığında təkrarolunmaz iz qoyduğunu bildirib. Müasir Bakının meydan və prospektlərində, bağ və parklarında, eləcə də ölkəmizin hüdudlarından kənarda Akif müəllimin layihəsi ilə ərsəyə gələn saysız-hesabsız tikili və binaların olduğu vurğulanıb. Bildirilib ki, Akif Abdullayevin memarlıq sənəti sahəsində səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar memar” fəxri adına layiq görülüb.

AzMİU-nun kafedra müdiri, Memarlar İttifaqının sədri Elbay Qasımzadə yubilyarla dostluğunun tarixinin uzun illərə söykəndiyini, bu illər ərzində onu çox məhsuldar, enerjili, həyatsevər və yaradıcı bir insan kimi tanığını diqqətə çatdırıb.

Tədbirdə AzMİU-nun professorları Ramiz Əbdülrəhimov, Aybəniz Həsənova, Memarlıq fakültəsinin dekan müavini Həsən Həsənov yubilyarı təbrik edib, onun layihələndirdiyi memarlıq nümunələrindən danışıb, yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda çıxış edən yubilyar tədbirin təşkilində əməyi olan, ünvanına xoş sözlər səsləndirən həmkarlarına dərin təşəkkürünü bildirib.

Xəbər lenti