Logo

İlahiyyat İnstitutunun rektoru IV Beynəlxalq Bolqar Forumunda çıxış edib - FOTO

26.05.2022 10:06 349 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinov Bolqar İslam Akademiyasının dəvəti ilə İdil bulqarlarının İslam dinini qəbul etməsinin 1100 illiyinə həsr olunmuş beynəlxalq tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində səfərdə olub.

Tehsil.biz xəbər verir ki, A.Şirinov “Rusiya müsəlmanlarının ilahiyyat irsi” mövzusunda IV Beynəlxalq Bolqar Forumunda “Azərbaycanda ali din təhsili və dövlətin dinə qayğısı” mövzusunda məruzə ilə çıxış edib. Rektor məruzəsində Azərbaycanda din təhsilinin tarixindən bəhs edərək bildirib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ali din təhsili yeni mərhələyə qədəm qoyub: “Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı və bununla da ölkəmizdə din təhsili yeni mərhələyə qədəm qoydu”.

Rektor bildirib ki, yüksək elmi təfəkkürə malik olan, milli-mədəni irsi anlayıb dəyərləndirməyi bacaran, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar hazırlamaq Aİİ-nin qarşısında duran məqsədlərdəndir.

Dövlətin dinə münasibətindən bəhs edən A.Şirinov bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər haqqında da geniş məlumat verib.

A.Şirinov səfər çərçivəsində Bolqar İslam Akademiyasının rektoru vəzifəsini icra edən Aynur Timerxanovla görüşüb.

Görüşdə birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması məsələləri müzakirə edilib.

Xəbər lenti