Logo

Cəlilabadda qəzalı məktəbdə tutumundan iki dəfə çox şagird təhsil alır - FOTOLAR

25.05.2022 19:53 400 baxış
IMG

Cəlilabad rayonunun Alar kənd 3 saylı tam orta məktəbi bərbad vəziyyətdədir.

Bu barədə “Report”a kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, 220 şagird tutumlu şəraitsiz məktəbdə illərdir 500-dən çox şagird təhsil alır: “12 min nəfərə yaxın əhalisi olan Cəlilabadın Alar kəndində üç orta məktəb fəaliyyət göstərsə də, bunlardan 3 saylı kənd orta məktəbində vəziyyət olduqca acınacaqlıdır”.

Məktəb “Azərbaycan bayrağı” ordenli I Qarabağ müharibəsi şəhidi Rauf Quliyevin adını daşıyır. Burada 24 sinif komplekti, iki hazırlıq qrupu ilə 33 nəfər pedaqoji işçi məşğul olur.

Valideynlərin sözlərinə görə, 1990-cı ildən istismara verilən təhsil ocağı bugünədək uyğunlaşdırılmış binada fəaliyyət göstərib: “Məktəb istifadəyə veriləndən sonra heç zaman əsaslı təmir olunmayıb. Divarlar çatlayıb, tavanı, döşəməsi dağılıb, taxta pəncərələr sıradan çıxıb, elektrik və istilik sistemi yox səviyyəsindədir. İdman zalından söhbət gedə bilməz. Belə bir şəraitdə böyük bir kəndin şagirdləri dərs keçmək, müəllimlər isə dərs demək məcburiyyətindədir. Ən çox təəccüb doğuran məqam isə 220 şagird yerlik məktəbdə 504 şagirdin təhsil almasıdır”.

Problemlə bağlı məktəbdən bildirilib ki, hazırda məktəbdə 504 şagird təhsil alır: “Şagirdlərin təhsil alması üçün müəyyən problemlərimiz var. Cəlilabad Rayon Təhsil Şöbəsi və Rayon İcra Hakimiyyətinin köməkliyinə baxmayaraq, bizim yerləşmə problemimiz var. Çünki valideynlərin də haqlı olaraq narazılıq etdikləri 220 yerlik məktəbdə 504 şagirdin təhsil alması çətinliklər yaradır. Ona görə də biz beşgünlük məktəbi altıgünlük etmişik ki, yəni şagirdlər dərsdən yayınmasın”.

Məktəbdən, həmçinin bildirilib ki, mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyinin Tikinti və Təchizat idarəsinə məlumat göndərilib: “Məktəbin yenidən tikilməsi ilə bağlı yaxın vaxtlarda müvafiq qərar veriləcək. Bu məsələ həm rayon rəhbərliyinin, həm də Rayon Təhsil Şöbəsinin diqqətindədir”.

 

Xəbər lenti