Logo

Bakı Elm Olimpiadasının final mərhələsi başa çatıb

25.05.2022 18:13 492 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadasının final mərhələsi başa çatıb.

Tehsil.biz xəbər verir ki, Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, BANM-ın rektoru Elmar Qasımov, idarənin struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan məktəblərin komandaları iştirak ediblər.

Öncə qonaqlar, komanda üzvləri və onların rəhbərləri universitetin auditoriyaları, elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıqlarla əyani şəkildə tanış olub, ali məktəbin fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumatlar əldə ediblər.

Daha sonra 20 komanda 4 saat ərzində 3 təcrübə işini yerinə yetiriblər.

Bakı Elm Olimpiadasının final mərhələsi ilə bağlı təşkil olunmuş tədbiri giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. E.Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib.

Sonra çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva BANM-ın rəhbərliyinə və kollektivinə olimpiadanın final mərhələsinin keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

M.Vəliyeva olimpiadanın şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradılması, dərin biliklərə malik şagirdlərin aşkara çıxarılması məqsədilə VIII, IX, X sinif şagirdləri arasında təşkil edildiyini söyləyib.

Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev olimpiadanın final mərhələsində təcrübə işinin yerinə yetirilməsinin məktəblilərin tədqiqat işlərinə marağının artırılması və ali təhsil müəssisələrinin təcrübə imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaradılmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Qeyd edək ki, təcrübə işi 40 ballıq sistemlə qiymətləndiriləcək. Ən çox bal toplayan ilk 3 komanda qalib hesab olunacaq. Qaliblər Təşkilat komitəsi tərəfindən təyin olunmuş mütəxəssilərdən ibarət Ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.

Xəbər lenti