Logo

Türkiyə ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

25.05.2022 17:54 103 baxış
IMG

Mayın 25-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanla görüşüb.

Tehsil.biz xəbər verir ki, qonağı salamlayan Elnur Əliyev Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr haqqında məlumat verib.

44 günlük Vətən müharibəsi haqqında söz açan nazirin birinci müavini bildirib ki, şanlı Ordumuz 30 illik işğala son qoyaraq torpaqlarımızı işğaldan azad edib: “Bu gün azad olunmuş torpaqlara mədəniyyətin qaytarılması və bu qədim bölgəmizin mədəni irsinin təbliği istiqamətində ardıcıl iş aparılır. Vətən müharibəsində olduğu kimi, Qarabağın mədəni quruculuğunda da qardaş Türkiyəni yanımızda görmək istəyirik”.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan səmimi qəbula görə Elnur Əliyevə təşəkkürünü bildirib. O, Türkiyə olaraq hər zaman Azərbaycana dəstək olduqlarını və bundan sonra da bu dəstəyin davam edəcəyini vurğulayıb. Bildirib ki, son 30 ildə iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub. Mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün daha böyük imkanlar var. Bunun üçün müvafiq mütəxəssislər arasında təcrübə mübadiləsi əhəmiyyətli olar.

Azərbaycan rəqslərinin özünəməxsusluğu haqqında fikirlərini bölüşən Nadir Alpaslan bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün yeni layihələr haqqında düşündüklərini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda hər rəqsin öz libası, öz elementləri var və xalq bu rəqsləri çox sevir, yüksək dəyərləndirir.

Azərbaycanın qədim Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsini məmnunluqla qarşıladıqlarını bildirən Nadir Alpaslan bununla bağlı yeni konsepsiyanın hazırlanıb təqdim ediləcəyini vurğulayıb. O, iki ölkə arasında müştərək filmin hazırlandığını da bildirib.

Nadir Alpaslan 30 illik işğal zamanı Ermənistan tərəfindən dağıdılmış tarix-mədəniyyət abidələrinin tanıdılması istiqamətində bundan sonra da dəstək göstərəcəklərini diqqətə çatdırıb.    

Türkiyəli qonaq mədəniyyətin bir sıra sahələrində yeni layihələrinin hazırlanmasını düşündüklərini bildirən Nadir Alpaslan, bu sahədə müştərək layihələrin davam edəcəyini söyləyib.

Ermənilərin Azərbaycan musiqi və rəqslərini öz adlarına çıxdıqlarını, beynəlxalq aləmdə bunun təbliğatını apardıqlarını diqqətə çatdıran Elnur Əliyev bu problemin qarşısının alınmasında təbliğatın mühüm rol oynadığını deyib. Qeyd edib ki, bəzən məlumatsızlıq səbəbindən hətta qardaş Türkiyədə belə musiqi və rəqslərimiz Qafqaz və ya “anonim” adı ilə təqdim olunur. Buna görə də iki ölkənin bu sahədə də daha yaxın əməkdaşlığına ehtiyac var.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti