Logo

BDU-da elmi informasiyanın idarə olunmasında məlumat bazalarının roluna dair seminar

25.05.2022 13:38 162 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Elmi informasiyanın idarə olunmasında məlumat bazalarının rolu" mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının magistrantı Yusif Əsədullayev mövzu ilə bağlı məruzə edib.

Gənc tədqiqatçı elmi informasiyanın idarə olunmasında məlumat bazalarının arxivləndirmə və indeskləndirmə fəaliyyətindən bəhs edib. Bildirib ki, hazırda müxtəlif qiymətləndirmə meyarlarının meydana gəlməsi və tətbiqi nəticəsində elmi informasiyanın idarə olunması, eyni zamanda səmərəliliyinin təhlilinin aparılması mümkündür. Məruzədə qeyd olunub ki, hazırda elmi fəaliyyət haqqında informasiyanın toplanmasının və idarə olunmasının elmin populyarlaşdırılmasında vasitəyə çevrilməsi üçün bir sıra platformalar meydana gəlib. Nüfuzlu elmi platformalara çıxış imkanı elmi tədqiqat fəaliyyətlərinin informasiya təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, aparılan araşdırmaların beynəlxalq standartlara uyğunlaşmasına və alınmış mühüm nəticələrin akademik mühitdə yayılmasına səbəb olur. Tədqiqatçı məruzəsində elmi informasiyanın idarə olunmasında nüfuzlu platforma hesab edilən, bütün dünyada elmi-analitik informasiya mənbəyi və təminatçısı kimi tanınan “Clarivate Analytics” şirkətinin fəaliyyəti haqqında geniş məlumat verib.

Məruzədə həmçinin “Web of Science” platforması, onun üstünlük və imkanları, eyni zamanda elmi informasiyanın idarə olunmasında mühüm rol oynayan digər elmmetrik bazalar haqqında informasiyalar da diqqətə çatdırılıb.

Xəbər lenti