Logo

AzTU-nun "SABAH Magistratura" tələbələri üçün "Dəniz nəqliyyatı və Liman logistikası" təlimi keçirilib - FOTO

24.05.2022 17:48 104 baxış
IMG

ARTİ və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH Magistratura” proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alan tələbələri Ələt qəsəbəsində yerləşən limana təlim səfərində iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, “Dəniz nəqliyyatı və Liman logistikası” adlı təlim kursunun praktiki hissəsi çərçivəsində təşkil olunan səfərə Liman əməliyyatlarına nəzarət mərkəzi daxilində gəzintidən başlayaraq tələbələrə limanın fəaliyyətləri haqqında qısa məlumat verilib. Sonra liman ərazisinə tura çıxmadan öncə əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti tərəfindən qısa təhlükəsizlik qaydaları haqqında təqdimat edilib, iştirakçılara dəbilqə və digər təhlükəsizlik əşyaları paylanılıb.

Liman ərazisində tələbələrə yük terminalı və həmin terminalda qablaşdırılmış, səpkili və konteyner yüklərinin yüklənib-boşaldılma qaydaları izah edilib. Həmçinin təhsilalanlar Ro-Ro terminalı və sözügedən terminalda özü hərəkət edən nəqliyyat vasitələrinin Ro-Ro gəmilərinə yüklənib-boşaldılması, Bərə terminalı və bu terminalda vaqonların bərə gəmilərinə yüklənib-boşaldılması prosesi ilə tanış olublar. Sonda səfər iştirakçılarına limanda olan anbarlar göstərilib və onlar haqqında məlumat verilib.

Qeyd edək ki, 24 fevral 2022-ci il tarixində ARTİ ilə Bakı Limanı arasında AzTU-nun “SABAH Magistratura” proqramının tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Xəbər lenti