Logo

BMU-İNHA ikili diplom proqramı çərçivəsində Bakı Avropa Liseyində görüş keçirilib

24.05.2022 17:13 325 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində təşkil olunan növbəti maarifləndirici tədbir Bakı Avropa Liseyində baş tutub.

Tehsil.biz xəbər verir ki, tədbirdə BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli geniş təqdimatla çıxış edib.

3+1 modelinə əsasən tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə İNHA Universitetində təhsil alacaqlarını bildirən H.Cəfərli, eyni zamanda proqrama aid olan ixtisaslar, tədris dili, qəbul kvotası, tələbə qəbulu haqqında zəruri məlumatları məktəblilərin diqqətinə çatdırıb. O, ötən ilin statistik məlumatlarına əsasən İnformasiya texnologiyaları ixtisasına qəbul olan tələbələrin 92 %-nin 500-dən çox bal topladığını vurğulayıb. Çıxışında elektron universitet kimi fəaliyyət göstərən BMU-da elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlərin geniş istifadə olunduğunu önə çəkib.

İNHA Universiteti barədə məlumat verən ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang Koreya dövləti tərəfindən maliyyələşən təqaüd proqramlarından bəhs edib. Bölmə rəhbəri çıxışında proqramın üstünlüklərinə və Koreyada iş imkanlarına toxunub.

Sonra İNHA Universiteti haqqında qısa videoçarx nümayiş olunub və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində liseyin direktoru Zülfiyyə Veysova ilə də görüş keçirilib. Maraqlı təqdimat üçün təşəkkürünü bildirən direktor rəhbərlik etdiyi liseyin məzunlarından birinin - Nail Vəliyevin hazırda BMU-İNHA ikili diplom proqramı çərçivəsində Elektronika mühəndisliyi ixtisası üzrə təhsil aldığını vurğulayıb.

Xəbər lenti