Logo

"40 il ərzində müəllimin nüfuzu bu qədər aşağı düşməmişdi" - Elşən Qafarov

24.05.2022 14:08 2707 baxış
IMG

"İstənilən təhsil müəssisəsində intizam qaydaları həmin müəssisənin nizamnaməsi ilə müəyyən olunur".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov Sonxeber.az-a açıqlamasında deyib.

O bildirib ki, vaxtaşırı həmin intizam qaydalarına riayət olunması ilə bağlı maarifləndirici tədbirlər keçirilir:

"Təəssüf ki, bizim məktəblərimizin ümumiyyətlə nizamnaməsi yoxdur. Ali təhsil müəssisələrimizin nizamnaməsi isə çox bəsitdir. Ali təhsil müəssisələrində təhsil alanlar yetkin insanlar sayılır. Məktəbdə təhsil alanlar isə yetkinlik yaşına çatmayanlardır və onların tərbiyələnməsi üçün ciddi işlər görmək lazımdır. Son illər bullinqlə mübarizəyə qarşı tədbirlər keçirilir. Bu tədbirlər çox zaman əks təsir verir. Müəllimlər intizam qaydalarını pozan şagirdləri cəzalandırarkən videoya çəkilir və ictimailəşdirilir. Nəticə etibarilə, müəllimlər işlərini itirməməkdən ötrü şagirdlərə bir söz deməyə çəkinirlər. Valideynlər də təhsildəki bütün neqativ halların səbəbkarı kimi müəllimləri görürlər. 40 il ərzində müəllimin nüfuzu bu qədər aşağı düşməmiş və əli-qolu bu qədər bağlanmamışdı".

Ekspertin sözlərinə görə, xüsusilə ümumi təhsil məktəblərində bu halın baş verməsi ürəkağrıdıcıdır:

"Problemi həll etmək üçün məktəb nizamnaməsi qəbul olunmalıdır. Nizamnaməni pozan şagird və valideynlərə qarşı hansı hüquqi addımların atılacağı barədə məlumat verilməlidir. Təhsili idarəetmə qurumlarının da vəzifəsi baş verən və ya baş verə biləcək hadisələrlə bağlı məktəb rəhbərliyinin nizamnamə əsasında hansı addımlar atdığına nəzarət etməkdir. Belə olan halda neqativ hallar minimuma enəcək və ya aradan qalxacaq".

Xəbər lenti