Logo

BANM-də Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının bağlanış mərasimi keçirilib

24.05.2022 11:06 311 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının bağlanış mərasimi keçirilib.  

Tehsil.biz xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov elmi konfransların iştirakçılarına, elmi rəhbərlərə təşəkkür edərək qalibləri təbrik edib. Rektor elmi tədqiqatın əhəmiyyətini vurğulayaraq gənclərə elmə, tədqiqata meyilli olmağı tövsiyə edib və BANM tələbələri arasında bu istiqamətdə seçilən gənclərin olmasını sevindirici hal kimi qiymətləndirib. O, BANM-də keçirilən elmi konfransların əhəmiyyətindən də bəhs edib: “Biz bu cür nüfuzlu elmi konfranslara evsahibliyi etməkdən qürur duyuruq. Gənc alimlərin yetişdirilməsi və onlara dəstək olmaq bizim Ali Məktəbin önəmli missiyalarından biridir. Bu, həm də Azərbaycan elmi üçün böyük töhfədir”.

Tədbirdə çıxış edən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov iştirakçıları və onların elmi rəhbərlərini təbrik edərək konfransların gənclərin elmə marağının artması yönündə əhəmiyyətli addım olduğunu qeyd edib. O, gələcək konfranslarda  alim olmaq istəyən bir tələbəyə rəhbərlik etdiyi İnstitutun təqaüdü və ya mükafatının təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları 18-29 aprel tarixlərində “Neft-qaz geologiyası və mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”, “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzularında keçirilib. Bu il konfranslara 238 tezis seçilərək qəbul olunub. Tezislərin 101-i Bakı Ali Neft Məktəbinin tələbələrinə aid olub.

Konfrans iştirakçılarını BANM-in professor-müəllim heyəti ilə yanaşı, “Schneider Electric”, bp, “Kinetics Technology” şirkətlərinin, “SOCAR AQŞ” MMC-nin, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, İdarəetmə Sistemləri İnstitutunun, Aşqarlar Kimyası İnstitutunun nümayəndələri qiymətləndiriblər.

Konfranslarda Bakı Ali Neft Məktəbinin tələbələri ilə yanaşı, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti,  Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Orta Doğu Texniki Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və AMEA-nın institutlarının gənc tədqiqatçıları məruzələrlə çıxış ediblər. Bəzi tələbələr fərdi, bəziləri isə komanda şəklində tezislərini təqdim ediblər. Münsiflər heyətinin dəyərləndirmələrindən sonra iştirakçılar müxtəlif kateqoriyalar üzrə I, II, III yerlərə layiq görülüb və həvəsləndirici mükafatlarla təltif ediliblər. Onlara, həmçinin sponsor şirkətlərin qiymətli hədiyyələri təqdim edilib. Konfrans iştirakçıları 18 bölmə üzrə mükafatlandırılıblar. BANM-in tələbələri 14 bölmə üzrə I yerin sahibi olublar.

Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Polymer” MMC, “SOCAR AQŞ” MMC,bp, “Kinetics Technology”, “ABB Global Marketing”, “Avandsis Group” MMM, “Emerson Process Management”, “Schlumberger” şirkətləri olub.

Xatırladaq ki, 2013-cü il tarixində ilk dəfə olaraq Bakı Ali Neft Məktəbinin “İnformasiya və Kommunikasiya Texnologiyaları” bölməsi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş I Tələbə Elmi-Texniki Konfransı keçirilib. 2018-2019-cu illərdə Respublika elmi-texniki konfransları keçirilib, 2020-ci ildən isə Beynəlxalq Elmi Konfransları keçirilir.

Xəbər lenti