Logo

“EU4Culture” qrant müsabiqəsi çərçivəsində I Regional Şəbəkə Konfransı baş tutub

23.05.2022 19:37 360 baxış
IMG

Cari ilin 19-20 may tarixlərində Tbilisi şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Şəki, Lənkəran və Xırdalan şəhərlərinin nümayəndələrinin, o cümlədən yerli ekspertlərin iştirakı ilə “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi çərçivəsində I Regional Şəbəkə Konfransı baş tutub.

Tehsil.biz xəbər verir ki, tədbirdə Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişləndirmə Danışıqları üzrə Baş Direktorluğu, Avropa İttifaqının və Almaniyanın Höte İnstitutunun Gürcüstandakı Nümayəndəlikəri, yerli ekspertlər, layihə komandası və tərəfdaşları (Höte İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri və Gürcüstan Fransız İnstitutu), o cümlədən media nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində açılış nitqləri, qalib şəhərlərin təqdimatları, “EU4Culture” Regional Şəbəkə konsepsiyası, mümkün fəaliyyət istiqamətləri və maliyyələşmə imkanlarının müzakirəsi, Gürcüstanın mədəniyyət və yaradıcı sənayelər üzrə dövlət-özəl tərəfdaşlıq modelləri ilə bağlı çıxışlar baş tutmuşdur. Tərbirdə həmçinin Şərq Tərəfdaşlığı regionu üzrə fəal donor təşkilatların mədəniyyət sahəsi üzrə mümkün maliyyələşmə proqramlarının təqdimatı və hər ölkə üçün siyasət quruculuğu və tənzimləyici mexanizmlərə dair ayrıca təlim proqramı təşkil olunub.

Qeyd edək ki, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində “Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı” artıq bir neçə ildir icra olunur. Sözügedən mədəni əməkdaşlığın növbəti mərhələsi kimi 2021-ci ilin iyun ayında Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhərləri üçün “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi elan olunub.

Müsabiqədə Azərbaycandan bir sıra şəhərlər iştirak edib, nəticədə Lənkəran, Xırdalan və Şəki şəhərləri bir neçə mərhələni keçərək qalib şəhər seçiliblər.

Xəbər lenti