Logo

BSU-nun məktəbdə təcrübə keçən tələbələri xeyriyyə məqsədilə tamaşa hazırlaylblar

23.05.2022 16:32 156 baxış
IMG

Mayın 23-də Bakı Slavyan Universitetinin (BSU) və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə ədibin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni-məşhur" komediyası əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdirilib.

BSU-dan bildirilib ki, tamaşadan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər Vətənimizin dilbər guşəsi olan Şuşa barədə şeirlər səsləndiriblər.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində xeyriyyə məqsədilə təşkil edilmiş tamaşa BSU-nun Filologiya fakültəsinin həmin orta məktəbdə pedaqoji təcrübə keçən IV kurs tələbələrinin təşəbbüsü və orta məktəb rəhbərliyinin dəstəyi ilə gerçəkləşib. BSU-nun tələbələrinin hazırladıqları tamaşanın rollarını orta məktəbin X sinif şagirdləri ifa ediblər. Tamaşanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, Yasamal Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, UNICEF-in nümayəndəsi, müəllimlər, şagirdlər, şəhid valideynləri və Vətən müharibəsi qaziləri izləyiblər.

Xeyriyyə tamaşasından əldə edilən maliyyə vəsaiti “YAŞAT” Fonduna köçürüləcək.

Xəbər lenti