Logo

Dünya Təhsil Forumu öz işinə başlayıb - FOTO

23.05.2022 14:23 138 baxış
IMG

"Ölkələrimizin və icmalarımızın gələcəyini birlikdə daha güclü, daha təhsilli və daha təkmil şəkildə quraq" şüarı altında təşkil edilən Dünya Təhsil Forumu öz işinə başlayıb.

"Tehsil.biz"in məlumatına görə, Londonda 107 ölkədən 112 nazirin iştirakı ilə keçirilən Forum çərçivəsində 2022-ci ildə dünya təhsilinin qarşısında duran əsas çətinliklər və çağırışlar, onların həlli yolları müzakirə ediləcək.

Forumda həmçinin təhsilin inkişafı vasitəsilə sülhün, tərəfdaşlığın və rifahın əldə edilməsi, uğurlu iqtisadiyyatların qurulması yollarına baxılacaq. Sessiyalarda təhsilə hamı üçün bərabər çıxış, iqtisadi artım, süni intellektin istifadəsi, texnologiya və data əsaslı qərarvermənin cəmiyyətlər üçün əhəmiyyəti müzakirə ediləcək. Dövlət-özəl tərəfdaşlığı, fərdi və kollektiv cavab mexanizmləri, qlobal problemlərə yerli həll yollarının tapılması da ümumi təhsil müzakirələrinin gündəliyində əks olunacaq.

Forum çərçivəsində təşkil olunacaq 9 plenar iclas, panel sessiyalarda “Dünyada baş verən son çağırışlara cavab necə olmalıdır?”, “Təhsilə ayrılacaq resursları və onların istifadəsi səmərəliliyini necə artırmaq mümkündür?”, “Birgə və daha yaxşı təhsili necə qura bilərik?”, “Təhsilin inkişafı üçün böyük qurum və agentlikləri necə yarada bilərik?”, “Rəqəmsal resurslar, təhlükəsiz infrastruktur və praktik dəstəyə necə nail olmaq olar?”, “Məktəbəqədər təhsildən başlayaraq ali təhsilə qədər öyrənmə yolunu necə daha uyğun dizayn və daha rahat icra edə bilərik?”, “Ümid etdiyimiz vətəndaşı və cəmiyyəti necə daha uğurla yetişdirə bilərik?” və “Kollaborativ innovasiyaları necə daha sürətləndirə bilərik?” mövzuları müzakirə olunacaq.

Qeyd edək ki, Dünya Təhsil Forumunda ölkəmizi təhsil naziri Emin Əmrullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Xəbəri rus dilində oxuyun: Всемирный образовательный форум начал свою работу - ФОТО

Xəbər lenti