Logo

BDU-da Alzheimer xəstəliyinin kök hüceyrə ilə müalicəsinə dair seminar keçirilib

23.05.2022 12:54 311 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin məzunu, İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin II kurs magistrantı Fərid Mahmudzadə “Alzheimer xəstəliyinin kök hüceyrə ilə müalicəsində son yeniliklər” mövzusunda onlayn formatda elmi seminar keçirib.

Tehsil.biz xəbər verir ki, məruzəçi Alzheimer xəstəliyinin demensiyanın ən geniş yayılmış tipi olduğunu və  sinir hüceyrələrinin ölümünə səbəb olan neyrodegenerativ xəstəliklər qrupuna aid edildiyini qeyd edib. Bildirib ki, xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Xəstəliyin tam müalicə üsulu yoxdur, simptomları azaldan və xəstəliyin ağırlaşmasını ləngidən dərman terapiyası istifadə olunur.

Fərid Mahmudzadə son zamanlar Alzheimer xəstəliyinin kök hüceyrə ilə müalicəsi üzərində geniş tədqiqatların aparılması barədə məlumatları tələbələrlə bölüşüb, xəstəliyin müalicəsində kök hüceyrə terapiyasının ən yaxşı üsul olmasını faktlarla  sübut edib. Bildirib ki, fərqli kök hüceyrə qruplarını Alzheimer xəstəliyi olan siçanlara transplantasiya və enjeksiya etdikdə kök hüceyrələrin yeni sinir hüceyrələrinə çevrilməsi, xəstəliyin bəzi simptomlarının azalması müşahidə edilir. Həmçinin  əsas patogenetik göstəricilər olan amiloid beta və hiperfosforilizasiya olmuş tau proteinlərin miqdarı azalır, konqitiv və yaddaş xüsusiyyətlərində irəliləmə qeydə alınır.

Sonda məruzəçi bu sahənin daha çox araşdırılmasına ehtiyac duyulduğunu, kök hüceyrə müalicəsinin üstünlükləri ilə yanaşı, bir sıra mənfi tərəflərinin olduğunu da qeyd edib.

Seminarın sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti