Logo

Azərbaycan Universiteti dünya reytinqində

23.05.2022 11:00 370 baxış
IMG

Nüfuzlu elmi nəşr platformalarından Scopus bazasının 2022-ci il üzrə “Scimago Institutions Rankings” hesabatı açıqlanıb.

Tehsil.biz xəbər verir ki, hesabata görə Azərbaycan Universiteti elmi tədqiqat aktivliyi üzrə böyük uğura imza ataraq dünya reytinqinə daxil olub. Respublika üzrə elmi təşkilat, institut və ali təhsil müəssisələrinin siyahısında 3-cü yerdə qərarlaşan Azərbaycan Universiteti bu reytinq üzrə ən yüksək kateqoriya olan Q1 kateqoriyasına daxil olub. 

Hesabata görə, ümumi qiymətləndirmə kriteriyalarına əsasən Azərbaycan Universiteti reytinq sıralamasına daxil olan nüfuzlu dünya universitetləri arasında 556-cı yerdədir. Reytinq siyahısında Azərbaycandan 4 universitet, 3 elmi institut və 1 elmi mərkəz olmaqla cəmi 8 qurum yer alıb. Reytinqin əsas meyarı Scopus bazasında indekslənən jurnallarda həmin müəssisənin əməkdaşlarının dərc etdiyi elmi məqalələr və həmin məqalələrə olunan istinadların sayıdır. 

Qeyd edək ki, tədqiqat universiteti almaq istiqamətində strateji inkişaf planına uyğun olaraq Elm şöbəsinin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan Universitetinin və əməkdaşlarının elmi tədqiqatlarının həm kəmiyyətinin, həm də keyfiyyətinin artırılması və elmmetrik göstəricilərin yüksəldilməsi istiqamətində son illərdə ciddi irəliləyişlərə nail olunub. Son 3 ildə Universitetin “H” indeksi 2-dən 20-yə yüksəlib. İndekslənən jurnallarda çap edilən məqalələrin sayına görə Azərbaycan Universiteti respublika universitetləri arasında ilk üçlüyə daxil olub.

Məlumat mənbəyinə keçid: https://www.scimagoir.com/rankings.php?country=AZE

Xəbər lenti