Logo

Yalanı bağışlamayan yazıçı, görüşə tələsən müxbir, qədim türklərdə təqdimat olmadığını deyən hüquqşünas - REPORTAJ

21.05.2022 21:04 113 baxış
IMG

Kulis.az Vüqar Babazadənin Samirə Əşrəfin kitab təqdimatından yazdığı reportajı təqdim edir.

Əslində, bu reportaja lap çox uzaqdan başlamaq istəyirdim. Yəni səhər necə yuxudan durmağımdan tutmuş, ta Samirənin kitab təqdimatı üçün Bakı Kitab Mərkəzinin qabağında Nadir və Mehdi ilə dayanıb söhbət edənəcən hər şeyi detallı təsvir edə bilərdim. Ürəyim açılıb, yay gələndə dayanmadan yazmaq istəyirəm. Tərləməsəm yaza bilmirəm. Proletaryatınkı yaydır. Rədd olsun qış! Amma buna ehtiyac görmürəm. Başqa bir yazıda boşboğazlıq edərik.

Uzun sözün qısası, Nadir və Mehdi ilə Bakı Kitab Mərkəzinin qarşısında dayanıb bir az söhbət edəndən sonra içəri daxil oluruq.

Nadiri tanımayanlar üçün: boyu 1,65-1,70-dir. Klassik şalvar və “sinıy” köynək geyinib. Üzündə şipşirin 5-10 dənə xal var. Başı uzunsovdur. Danışanda adama elə gəlir ki, o, şeir deyir. Mən hərdən fikirləşirəm ki, Nadir yatanda güllü alt paltarları geyinib yatır. Yalanı bağışlamır, BDU-nun dördüncü kursunda oxuyur. Ən sevdiyi yazıçı, açığı, bilmirəm kimdir. Bu haqda ondan soruşanda, hər kəsin adını çəkir. Heç bir yazıçını inciməyə qoymur. Hər kəsi sevir. Nadirin həyatı həm də bizim həyatımızdır deyə, ondan çox rahatlıqla yazmaq olur.

İçəri girərkən biri qadın, biri kişi olmaqla məkanın iki cavan nəzarətçisi bizi qarşılayır. Kəsici, deşici, vurucu, yaralayıcı alətlərimizi, çantalarımızı boş şkaflara yerləşdiririk. Bu anda mən nəzarətçilərin söhbətini eşidirəm. Yalandan bir az oyalanıram ki, nə danışdıqlarının hamısını eşidə bilim.

Kişi nəzarətçi deyir:

– Taxta alət deyəndə konkret nə nəzərdə tutulur, bilirsən?

Qadın cavab verir:

– Mən nə bilim, çantası olanları saxla, yoxla, burax getsin.

Bir az içəridə gəzişirəm. Nadir deyir ki, sənsən, mənəm, Mehdidir, bir də APA-nın bir-iki işçisi. Hələ heç kim gəlməyib. Bir az aşağıda gəzişəndən sonra yuxarı – təqdimatın baş tutacağı yerə, ikinci mərtəbəyə qalxırıq. Bu anda Samirə də özünü çatdırır. Salamlaşırıq. Oğlu və qızı ilə gəlib. Uşaqlarla salamlaşıram. Onlar niyəsə məndən utanırlar. Halbuki Samirənin uşaqlarının qiyabi də olsa, demək olar ki, hər şeyini bilirəm.

Qəflətən ürəyimə nar qovurması ilə can əti yemək düşür. Budu buradı. İstəyirəm aradan sivişib gedim, yaxşıca yeyim. Amma fikrimi dəyişirəm. Dostlarımız yavaş-yavaş gəlirlər. Hamı bir-biri ilə salamlaşır, hal-əhval tutur, ayaqüstü, yalandan da olsa, bir-iki dəqiqə iş-güclərindən söhbət edib, ayrılırlar. Hər kəs öz həyatının davamını yaşamağa gedir.

Uşaqlar üçün olan hissədə cavan oğlan bir dəstə uşaq üçün nağıl oxuyur, yanıltmac deyib onları güldürür. Uşaqlar da sevincək halda maraqla ona qulaq asır, mahnılar səsləndirir, ayağa durub müxtəlif suallara cavab verirlər. Yadıma o vaxtlar TRT-1 də Barış Mançonun apardığı “Büyümüş çocuk” (adını səhv xatırlayıram, şərtidir) proqramı düşür. Konsept birə-bir eynidir. Aparıcı qəşəng danışır, uşaqlar da utanmadan, sıxılmadan oyunlarda iştirak edir. “Kim mahnı bilir?” sualına, Melisa adında 4-5 yaşlı bir qız əl qaldırır. Hamımız diqqətlə Melisanı izləyirik. O, mikrofonu götürüb himn oxumağa başlayır. Aparıcı deyir ki, bu mahnı deyil, himndir. Gəlin bunu hamımız ayaq üstə oxuyaq. Bütün uşaqlar ayağa qalxıb, əllərini ürəklərinin üstünə qoyaraq himn oxumağa başlayırlar. Əl çalırıq və mən də yavaş-yavaş təqdimat olan tərəfə gedirəm.

Ən arxada Ulucayla əyləşib gəlib-gedənə baxırıq, tanıdığımız adamlarla görüşürük. Ulucay deyir ki, bu şunursuz nauşniklərdən mən də birini alacam, belə avaraya oxşayıram.

Yavaş-yavaş “Samirənin dəstəsi” gəlib, yerlərini tuturlar. Sevda Sultanova, Əli İsa Cabbarov, Saida Haqverdiyeva və başqa tanımadığım kino aləminin adamları.

Qabaq hissələrdə gözümə bir işıq görünür. Görürəm ki, bir kişi balaca bir oğlanla boş stul tapıb əyləşdi. Bu anda yadıma düşür ki, ay dili-qafil, bu ki Zamin Hacıdır. Ulucaya deyirəm ki, gedib Zamin Hacı ilə görüşək. Qaçıb onunla salamlaşırıq, hal-əhval tuturuq. Bizi ilk dəfə görməyinə rəğmən, üzdən tanıyır. Onun yanında otururuq. Ordan-burdan danışırıq. Deyir ki, bura əsl restorandır, toy da eləmək olar.

Sağ tərəfdə ayaq üstə dayanmış Rəvanla Mehdini görürəm. Mehdi bu gün ilk görüşünə gedəcək. Ona böyük qardaş məsləhətləri verib, hər şeyi izah etmişəm. Bir az həyəcanlıdır, əli-ayağına dolaşır. Hər kəs öz həyatının hayındadır. Hamının içində bir sıxıntı, bir sevinc, bir həyəcan, bir narahatlıq var.

Tədbir başlayır. Əvvəlcə Günel Anarqızı tədbiri açır, Samirənin hekayələrindən danışır, onları oxuyarkən yaxşı mənada heyrətləndiyini qeyd edir. Daha sonra kitabın redaktoru Cavanşir Yusifli Samirənin kitabından, kitabın adından danışır. O, sözünü bitirəndən sonra söz Aqil Abbasa verilir, Aqil müəllim bir az zarafatyana öz fikirlərini deyib mikrofondan aralanır. Daha sonra kinoşünas Sevda Sultanova, tənqidçi İradə Musayevaya danışır. Hər kəs tədbirin səbəbkarı haqqında xoş sözlərini deyir.

İstəyirəm iki-üç cümlə də “Mənim üçün qızılgül” kitabı haqqında mən də yazım. Kitabın gizli redaktor və korrektoru olaraq buna mənəvi haqqımın çatdığını düşünürəm.

“Mənim üçün qızılgül” Samirənin ilk bədii kitabıdır. Kitabın bədii və ədəbi tərəfləri haqqında yazacaqlar, bu heç. Mən günün 10 saatdan çoxunu onunla bir yerdə keçirən bir dostu olaraq Samirənin həyatını iki hissəyə ayırıram. Kitabı çıxmamışdan əvvəl Samirə və kitabı çıxan Samirə. Müşahidələrimdən onu görürəm ki, iki Samirə arasında xeyli fərqlər var. Kitabı çıxan Samirə bir az daha böyüyüb, müdrikləşib, içində olan düşüncələrini yazıya tökərək rahatlaşıb. Özünü ifadə edə bildiyi üçün yüngülləşib və istəyinə nail olub. Ürəyi açılıb, səhərlər mənə də qoğal alır, özünə meyvə doğrayanda mənə də doğrayır. Polemikalarımız olmur. Şad-xürrəm yaşayırıq.

Bu baxımdan mən də Samirənin kitabını çıxmağına bütün qəlbimlə sevinir, onu dəruni və məhzun hisslərlə təbrik edirəm. Əsl vaxtında yetişmiş bir meyvədir Samirənin kitabı.

Qısa sürən təqdimat mərasimindən sonra oxucular kitablarını imzalatmaq üçün növbəyə düzülürlər. Zamin Hacı ilə Füzulinin necə işğaldan azad olunmasının detallı təsvirlərini danışırıq. Axırda onunla şəkil çəkdirirəm. Şəklə baxmaq istəyənlər mənim feysbuk hesabıma girə bilərlər.

Возможно, это изображение 2 человека, борода, люди стоят и в помещении

Zamin Hacı Rəvanı görüb deyir ki, çox təhlükəli yazarsan ha. Səndən ehtiyat edirəm. Vallah, bilmək olmur, bunu ciddi deyir, yoxsa yenə öz ampluasındadır. Bütün hallarda Rəvan sevinir.

Возможно, это изображение 1 человек, борода, стоит и в помещении

Nadirlə fotoqraf Orxan Əzim söhbət edirlər. Ulucay yaxınlaşıb deyir ki, ay Nadir Orxan Əzimlə nədən danışa bilərsən axı? Nadir də cavab verir ki, piksellərdən. Hamımız gülürük.

Hüquqşünas, əsl ədəbiyyat sevdalısı Şamil Paşayevi uzaqdan görürəm. Allaha and içə bilərəm ki, gedib onunla görüşsəm, deyəcək ki, vallah, qədim türklərdə kitab təqdimatı deyə bir şey yox idi. Qutluq Bilgə Gül xaqan kitab yazandan sonra təqdimat-zad etməyib. Bunlar hamısı massonların işidir.

Mehdini görüb deyirəm ki, getmə, bir azdan kollektiv şəkil çəkdirəcəyik. O isə tələm-tələsik cavab verir ki, görüşüm var, şəkil vaxtıdır? Onun necə belə naxələf olmağına təəccüblənirəm.

Sonda mən, Rəvan, Ulucay xatirə şəkli çəkdiririk. Samirəni təbrik edib, düşürük şəhərin küləkli havasının canına. Samirənin başı qonaqlara kitab imzalamağa necə qarışırsa, bizim aradan çıxmağımızdan duyuq düşmür. İnanıram ki, bu aradan çıxmanın əvəzini bizdən növbəti iş həftəsində çıxacaq.

Foto: İlkin Nəbiyev

Xəbər lenti