Logo

Mingəçevir Dövlət Universitetində Beynəlxalq Muzeylər Günü qeyd olunub

21.05.2022 18:05 122 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Muzeylər Gününə həsr edilmiş tədbirlər çərçivəsində ekskursiya, dəyirmi masa, maarifləndirici seminar və virtual infotur təşkil olunub.

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, Mingəçevir şəhər Tarixi Muzeyinə ekskursiya edən universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları muzeyin fəaliyyəti ilə yaxından tanış olublar, burada qorunub saxlanılan eksponatlara baxış keçiriblər və muzeyin əməkdaşları ilə birlikdə “Muzeylər maddi-mənəvi sərvətimizdir” adlı dəyirmi masa təşkil ediblər.

Dəyirmi masada Mingəçevir şəhər Tarixi Muzeyinin direktoru Nofər Məmmədəliyev və MDU-nun müəllimi Aygün Qədirova çıxış edərək tarixi, maddi və mənəvi dəyərləri qoruyan və gələcək nəsillərə ötürən muzeylərin əhəmiyyətindən və dövlətin muzeylərin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, gənclərin muzeyi ziyarət təşəbbüsləri yüksək dəyərləndiriblər.

Sonra MDU-nun tələbələrindən Nihad Xəlilov “Tarixi yaddaşları əks etdirən muzeylərimizin dünəninə və bu gününə baxış”, Rəqsanə Zeynalova “Erməni vandalizminin qurbanı olan muzeylərimiz”, Gültac Rəsulova “Muzeylərin gənclərin vətənpərvər tərbiyəsində rolu” və İlahə İbrahimova “Möhtəşəm qələbəmizin şahidi olacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi” mövzusunda məruzə ilə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Beynəlxalq Muzeylər Günündə Mingəçevir Dövlət Universiteti tərəfindən tələbələr və magistrantlar üçün “Maddi-mədəni sərvətimiz: Milli Azərbaycan Tarixi Muzeyi” adlı tədbir də təşkil edilib. Tədbir “Zoom” platforması üzərindən baş tutub.

Tədbirdə MDU-nun Humanitar Fənlər Kafedrasının müdiri, dosent Esmira Cəfərova ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin muzeylərin qorunması və inkişafı üçün verdiyi sərəncamların əhəmiyyətindən, Beynəlxalq Muzeylər Gününün Azərbaycanda qeyd olunması tarixindən bəhs edib. E.Cəfərova universitet adından muzeyin rəhbərliyini və kollektiv üzvlərini peşə bayramları münasibətilə təbrik edib.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, dosent Gülzadə Abdulova məruzə ilə çıxış edib. O, Cənubi Qafqazın ən böyük və zəngin elmi-tədqiqat və təbliğat muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyinin 100 ildən çox tarixi ərzində göstərdiyi fəaliyyətindən, müasir dövrdə muzeyin strukturu və elmi fəaliyyəti haqqında məlumat verib.

Tədqiqatçı alim tələbələrə Etnoqrafiya fondunun timsalında muzeydə materialların xüsusi qayğı, diqqətlə qorunması barədə danışıb və fondun necə qurulması, yönləndirilməsi üsullarını əyani şəkildə nümayiş etdirib.

Daha sonra muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva “Gənclərin milli şüurunun formalaşmasında muzeylərin rolu” adlı məruzəsində gənc nəslin milli şüurunun formalaşması üçün muzeydə həyata keçirdiyi muzey pedaqogikası işindən danışıb.

MDU-nun müəllimi Aygün Qədirova “Muzeylərimiz milli sərvətimizdir” mövzusundakı məruzəsində Mingəçevir şəhərində yerləşən Tarixi Muzeyinin yaranma tarixi və fəaliyyətindən bəhs edib.

Sonda Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Nurəngiz Qarayeva virtual infotur təşkil edərək, izləyiciləri muzeydə nümayiş olunan “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” sərgisi və H.Z.Tağıyevin ev-muzeyi ilə tanış edib.

Məruzəçilərin çıxışları, eyni zamanda, ekskursiya izləyicilər tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti