Logo

Meyxana təfəkkürlü şagirdlə müəllim nə etsin?

21.05.2022 16:00 333 baxış
IMG

Kulis.az Zaur Hətəmovun 35 nömrəli məktəbdə 8-ci sinif şagirdinin müəllim tərəfindən döyülməsi haqda yazdığı “35 nömrəli cəzaçəkmə müəssisəsinin 8 illik məhbusu...” yazısını təqdim edir.

Məktəblərdə müəllimlərin şagirdə qarşı şiddət göstərməsi hallarına hər dəfə fərqli yanaşaraq izah vermişəm. Çünki sosial problemlərin bir kökü olmur. Yenə gündəmdə 8-ci sinif şagirdinin müəllim tərəfindən döyülməsini görüb hadisə ilə bağlı mövqeyimi bildirmək istədim.

İnsan təfəkkürünün formalaşması uzun bir yoldur. Bunu Tərbiyə və təhsil olaraq 2 hissəyə ayırmaq olar. Cəmiyyətə Faydalı insan modeli bu 2 konseptual sistemin birləşməsidir. Tərbiyə yalnız davranışın formalaşması deyil. Duyum, zövq, və daha başqa amillər də bura daxildir. Epistemoloji dərinliyə getdikdə John Locke, İmmanuel Kant kimi isimlərin təhsil haqqında yazdığı əsərlər qarşımıza çıxır. Neoklassik alman fəlsəfəsinin qurucusu Kant deyir: "İnsan təhsilə ehtiyac duyan yeganə varlıqdır. Çünki təhsildən biz əxlaqi tərbiyə ilə birlikdə baxıb böyütməyi (uşağın baxılıb böyüdülməsi), ümumi təlim və tərbiyəni başa düşməliyik. Buna görə insan körpəlik (baxım və bəslənməyə möhtac olma), uşaqlıq (təlim-tərbiyəyə möhtac olma) və tələbəlik (təhsilə möhtac olma) dönəmlərindən keçir".

Təhsilin ideal paradiqmasına pedaqoji korrektdə yanaşmaq olar ki, bu mövzuya daha sonra toxunacam.

Şagirdin nizam-intizamı pozma problemi tam olaraq kimdən qaynaqlanır?

“Müəllim, yoxsa Valideyn?” dilemması həmişə populyar olub.

Kantdan gətirdiyim sitata qayıtmalı olsaq, körpəlik, uşaqlıq və tələbəlik vaxtlarını yaxşı başa vurmuş fərdləri normal təfəkkürlü və faydalı hesab etmək olar. Bu zəncirin qırılması digərlərində boşluğa yol açır. Yəni körpəlik və ya uşaqlıq mərhələsində problem varsa, uşağın məktəb həyatına da bu əks olunacaq. Bəzən valideyn yox, ətraf günahkar ola bilir. Ancaq uşağa öz ətrafını düzgün seçməyi də öyrətmək lazımdır. İntellektini durmadan zənginləşdirən biri öz ətrafını da özünə uyğun seçəcək. Türmə həyatına meylli, meyxana təfəkküründə yetişən və bayağı musiqilərlə TikTokda zombiləşən gəncliyin təhsil həyatında müəllimlərlə problemlər yaşaması təəccüblü hal deyil. Necə ki hərbi xidmətdə yararlılıq və yarasızlıq anlayışı var, eynilə də təhsil almaq istəyənlərin düşüncəsinə, psixoloji vəziyyətinə görə test edilib, sonra təhsil almalarına şərait yaradılmalıdır. Nəzərə alsaq ki, dərs prosesi 45 dəqiqədir. Müəllim həm dərs keçməyi həm də hər dəfə nizam-intizamın vacib olduğunu izah etdikdə dərsin vaxtından gedir. Dərsin gedişatını durmadan pozan biri ilə effektiv mübarizə kimi onun həmin təhsil müəssisəsindən uzaqlaşdırılması ola bilər. Şagirdlərin qeyri qanuni nizam-intizamı pozma hallarına müəllimin şiddətlə cavab verməsi cəngəllik qanunlarını xatırladır.

Ən effektiv yol "Məcburi təhsil" anlayışını ortadan qaldırmaq və formasını dəyişməkdir.

Əks təqdirdə məktəblər cəzaçəkmə müəssisəsi, şagirdlər də məhbus rolunu oynayacaq. Bu cür despotik mühit olduqca sıxıcı və yorucudur. Nəzərə alsaq ki, müəllim yol göstərəndir. İstər psixoloji, istər fiziki şiddətin tətbiqi ona görə də pis örnəkdir.

Liberal düşüncənin öncülərindən John Locke belə deyir:

"Uşaqların öyrənəcəkləri şey onlara yük halına gətirilməməli, missiya olaraq yüklənməməlidir. Əks təqdirdə öyrənəcəkləri şeyə qarşı nifrət inkişaf etdirəcəklər".

Yəni uşaq ən sevdiyi oyunu bir missiya kimi məcburiyyətdən oynasa müəyyən müddət sonra sıxılacaq. Oyunun mahiyyəti istirahət olduğu üçün, heç kim özünü məcbur hiss etmir və sıxılmır. Dərslər də bu cür olmalıdır. Məhz ona görə "Self study" kimi daha sərbəst formada öyrəniləcək metodlar kəşf edildi. Hazırda mentorluq edən müəllimlər də var. Bütün proqramı verir və həftədə, ayda bir dəfə gedişatı yoxlayır, istiqamət verir. Sual olduqda isə cavablayır. Xüsusilə, xarici dil öyrənənlər son zamanlar daha aktiv şəkildə bu metoddan istifadə edir. Bu baxımdan təhsil müəssisələrində də bənzər bir sistem qurulmalı, saatlarla əzaba çevrilən parta arxasında əyləşmək mühiti minimallaşdırılmalı və ya necəsə ləğv edilməlidir.

Xəbər lenti