Logo

"Şuşa Bəyannaməsinin informasiya təminatı” mövzusunda elmi seminar keçirilib

20.05.2022 20:14 370 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Şuşa ili” ilə əlaqədar tədbirlər silsiləsi çərçivəsində “Şuşa Bəyannaməsinin informasiya təminatı” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə keçirilən elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov mövzu ilə bağlı məruzə edib. Məruzəçi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı tarixi Zəfərdən sonra 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan tarixi Şuşa Bəyannaməsinin böyük mahiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, bu tarixi sənədin imzalanması ilə dost və qardaş ölkələrimizin müttəfiqlik münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb.

Nadir İsmayılov Şuşa Bəyannaməsinin imzalanmasından qısa müddət keçməsinə baxmayaraq, tarixi sənəd haqqında yerli və xarici nəşrlərdə xeyli informasiya resurslarının meydana gəldiyini vurğulayıb. Qeyd edib ki, tarixi sənədə dair ilkin mənbələr Bəyannamənin əsas mətni, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müqavilənin tarixi əhəmiyyəti barədə söylədikləri qiymətli fikirlərdir.

Məruzədə Şuşa Bəyannaməsi haqqında ölkəmizdə və xaricdə sənəd-informasiya axınının təşəkkülü, dinamikası kompleks təhlil olunub. Mövzu üzrə çap olunan kitablar, məqalələr haqqında sistemli məlumatlar diqqətə çatdırılıb, sənədin mətninin əks olunduğu “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya, “Şuşa Bəyannaməsi” adlı miniatür kitab və digər nəşrlər nümayiş etdirilib. Tədqiqatda həmçinin mövzunun informasiya təminatının təkmilləşdirilməsi yolları ilə bağlı innovativ təkliflər irəli sürülüb. Eyni zamanda Şuşa Bəyannaməsi ilə Qars müqaviləsi arasında paralellər aparılıb, elmi dövriyyəyə yeni fikirlər təqdim olunub.

Məruzəçiyə çoxsaylı suallar ünvanlanıb, mövzu ətrafında müzakirələr aparılıb.

Xəbər lenti