Logo

"Məktəblərə direktor təyinatında səhvlərə yol verilir, pedaqoji təhsili olmayanlar vəzifəyə gətirilir"

19.05.2022 18:06 1045 baxış
IMG

"Məktəblərdə baş verən son hadisələr tərbiyə ilə əlaqəlidir və normal deyil".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov deyib.

Onun fikirlərinə görə, şagird və müəllim münasibətlərinin neqativ olması təhsil ocağında tərbiyə işinin aşağı səviyyədə olmasını göstərir: "Keçmiş vaxtlarda da məktəblərdə bu tip hadisələr baş verərdi, lakin bu hadisələr çox nadir hallarda olardı. İndi isə təəssüflər olsun ki, belə olaylar çoxluq təşkil edir. Buna səbəbin bir qismi məktəbdir. Məktəblərə son vaxtlar direktor təyinatında səhvlərə yol verilir. Xüsusən də pedaqoji təhsili olmayan, pedaqoji stajı olmayan insanların məktəblərə direktor kimi gətirilməsinə cəhd olunur. Məktəbə nəzarət pedaqoqun əlində olmalıdır, menecerliyi bacaran birinin yox. Menecer olmaq istəyən digər sahələrdə öz fəaliyyətini yaxşı göstərə bilər, təhsil müəssisəsində yox".

Dosent İlham Əhmədov bildirib ki, məktəb fəaliyyətindən kənar şəxslərin rəhbər vəzifəyə gətirilməsi birmənalı olaraq təhsilə fəlakət gətirilməsi deməkdir: "Hər peşənin sənətkarı olmalıdır, bu, təhsil sahəsində də belədir. Ancaq təəssüflər olsun ki, təhsili olmayanlar məktəblərdə direktor kimi fəaliyyət göstərirlər. Cəmiyyət bilməlidir ki, tərbiyə təhsildən üstündür. Məktəblərdə tədris prosesi də pozulub. Repetitorluq yayılandan sonra şagirdlərin dərsə davamiyyəti azalıb. Çünki onlar pul qarşılığında və repetitor sayəsində yaxşı öyrənə biləcəklərini, hər şeyin pul yolu ilə həll olunacağını zənn edirlər. Həmin müəllimlər də şagirdlərə müştəri gözü ilə baxırlar. Bununla da məktəb müəllimlərinin və dərslərinin həm keyfiyyəti, həm də hörməti aşağı səviyyəyə enir".

İlham Əhmədovun dediklərinə görə, mənfi halların yaşanmasının başqa səbəbi də televiziya kanallarıdır: "Bəzi verilişlər var ki, baxanda adam dəhşətə gəlir. Hesab edirəm, o verilişlər birbaşa gənclərin tərbiyəsinin pozulmasına xidmət edir. Maarifləndirici, maraqlı, vətənpərvərlik haqqında verilişlərimiz əfsuslar olsun ki, yoxdur".

Xəbər lenti