Logo

I sinfə qəbulla bağlı 41 247 elektron müraciət daxil olub

19.05.2022 13:59 118 baxış
IMG

Mayın 19-na (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 41 247 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, 2022-2023-cü tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 2 207 elektron müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1019-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 545-i onlayn Alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 643-ü sistemin “Əlaqə” bölməsində cavablandırılıb.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin (051-543-15-77, 051-563-15-77, 051-546-15-77) cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 3-ü onlayn olmaqla, ümumilikdə 30 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/9/6271) müəyyən olunub.

Xəbər lenti