Logo

18 may - Beynəlxalq Muzeylər Günüdür

18.05.2022 14:17 127 baxış
IMG

Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilir.

1978-ci ildən başlayaraq hər il 150-dən çox ölkədə qeyd olunan bu beynəlxalq tədbir bir qayda olaraq xalqlar arasında mədəni mübadilənin, mədəniyyətin müxtəlif istiqamətlərini özündə birləşdirən sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişafına öz töhfəsini verir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilib. ICOM Azərbaycan Milli Komitəsinin əsas fəaliyyəti Beynəlxalq Muzeylər Şurasının işində iştirak etmək, müasir mərhələdə Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylər ilə əlaqə yaratmaq, dünya standartlarına uyğun səviyyədə müxtəlif normativ aktların qəbul edilməsində, mədəni irsin qorunması istiqamətində, dünya muzeyləri ilə bir sırada öz işini davam etməkdən ibarətdir.

Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də muzeylərdə “Açıq qapı” günü elan edilir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. Eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzey ilk növbədə insan əməyi, zəkası ilə yaradılan gözəllik deməkdir.

Azərbaycanda muzeylərin təşəkkül tapması XX əsrin əvvəllərinə təsadüf edir. Ölkədə bir çox sahələr kimi muzey işinin, muzeyşünaslığın inkişafı da Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilədək ölkəmizdə 29 muzey fəaliyyət göstərirdisə, Ulu öndərin sovet dövründə respublikaya rəhbərliyi illərində 111 müxtəlif profilli muzey yaradılıb. Dahi lider ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması istiqamətində vacib qərarlar qəbul edib. Bu tədbirlərə uyğun olaraq ölkəmizdə Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlayıb.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində bu gün muzeylərin inkişafı tamamilə yeni mərhələyə qədəm qoyub. Ölkə başçısı tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlarla Neft Muzeyinin, Müasir İncəsənət Muzeyinin, İdman və Olimpiya Hərəkatı Muzeyinin yaradılması bu yüksək qayğının dolğun təzahürüdür.

Ölkə Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açmaqla bərabər, onun gələcək inkişaf strategiyasının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir: bunlardan 68-i tarix-diyarşünaslıq, 52-si Heydər Əliyev muzeyləri, 43-ü görkəmli xadimlərin ev muzeyləri, 14-ü incəsənət, 12-si tarix, 7-si ədəbiyyat, 5-i döyüş şöhrəti muzeyləridir. Regionlarda fəaliyyət göstərən Heydər Əliyev muzeyləri mədəniyyət ocaqları kimi Ulu öndərin zəngin irsinin öyrənilməsi, onun ideyalarının təbliği və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, ev, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

Bu gün universitet muzeylərinin əhəmiyyəti, onun  təhsil və elmlə birgə vəhdəti gələcək nəsillərin tariximizə və mədəni irsimizə bağlılığında vacib faktorlardandır.  Bu gün ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali məktəblərinin əksəriyyətində muzey ənənələrinin inkişafı fərəhləndiricidir.  İlk universitet muzeyi Azərbaycan universitetlərinin flaqmanı sayılan Bakı Dövlət Universitetində yaradılıb. Hazırda BDU-da  5 muzey fəaliyyət göstərir:

Ulu öndərin şəxsi razılığı ilə 1997-ci ildə yaradılan Heydər Əliyev muzeyi BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirir və tələbələr üçün son dərəcə tərbiyəvi, tədqiqatçılar üçün elmi əhəmiyyəti olan zəngin material və tarixi sənədlərə malikdir. 1920-ci ildə fəaliyyətə başlayan BDU-nun tarixi muzeyində isə görkəmli ziyalılar, alimlər haqqında sənədlər, qısa tarixi məlumatlar, müxtəlif dövrlərdə tədris prosesində və elmi araşdırmalarda istifadə olunan alət və avadanlıqlar, cihaz və qurğular, Universitet həyatında baş verən əlamətdar hadisələri əks etdirən fotomateriallar nümayiş olunur. Azərbaycanın zəngin faydalı qazıntılarının nümayiş olunduğu Faydalı qazıntılar muzeyi 1943-cü ildə akademik Mirəli Qaşqay və professor Əziz Əsgərovun təşəbbüsləri ilə yaradılıb. Muzeydə ilk dövrlərdə 500-ə yaxın eksponat saxlanılırdısa, hazırda eksponatlarının sayı 6000-i keçib. 1937-ci ildə professor Mirəli Axundovun təşəbbüsü ilə yaradılan, Qafqazda ilk və yeganə, keçmiş SSRİ-də isə bu sahədə mövcud olan nadir muzeylərdən biri olan Təkamül muzeyində təkamül təliminə müvafiq olaraq təlimin dinamikası nümayiş olunur. Muzey tələbələrin təkamül təlimini 2461 eksponatdan ibarət əyani vəsait əsasında öyrənməsinə xidmət edir. Arxeologiya və etnoqrafiya muzeyi isə 1976-cı ildə yaradılıb. Muzeydə Azərbaycanın bütün tarixi inkişaf mərhələlərinə aid maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Muzey 2 hissədən ibarətdir. Arxeologiya bölməsində Azıx mağarasından tapılan nadir daş alətlər, zəngin osteoloji (sümuk) materiallar, əkinçilik mədəniyyətinə aid əmək alətləri, qədim gil məmulatı və digər nadir tapıntılar saxlanır. Muzeydə həmçinin Qafqaz Albaniyası, antik və orta əsrlərə aid nümunələr var. Etnoqrafiya bölməsində isə Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən maddi mədəniyyət nümunələri nümayiş etdirilir.

Xəbər lenti