Logo

BANM və Dyuk Universitetinin birgə  proqramının növbəti qrupunun açılışı olub - FOTOLAR

18.05.2022 11:03 173 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) və layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “#TwentyEightyStrategyExecution”  şirkətinin texniki dəstəyi ilə həyata keçirilən ABŞ-ın Dyuk Universitetinin “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın (“Project Management”) növbəti qrupunun təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, qonaqları və qrup iştirakçılarını salamlayan BANM-in rektoru Elmar Qasımov bildirib ki, sürətlə dəyişən müasir dövrdə insanlar bilik və bacarıqlarını daim inkişaf etdirməlidirlər: “Bp şirkətinin maliyyə dəstəyi ilə Bakı Ali Neft Məktəbində həyata keçirilən bu proqramda əldə edilən bilik və bacarıqlar iştirakçıların karyeralarının inkişafına töhfə verib və bundan sonra da mühüm rol oynayacağına əminəm. Proqramda müxtəlif müəssisələrdən olan iştirakçılar 8 ay ərzində peşəkar mütəxəssislərdən modul - dərsləri alacaqlar “. 

bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda Xarici əlaqələr üzrə meneceri Günəş Əliyeva qeyd edib ki,  Azərbaycanda fəaliyyətinin 30 illiyini qeyd edən bp şirkəti ən strateji enerji layihələrinin operatoru olmaqla yanaşı, bir çox korporativ sosial məsuliyyət layihələrinin də müəllifidir.  O, “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın şirkətin korporativ sosial məsuliyyət üzrə ən uğurlu və davamlı layihələrindən biri olduğunu bildirib. 

Bakı Ali Neft Məktəbinin uğurlu təhsil ocağı olduğunu vurğulayan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov əlavə edib ki, BANM-də həyata keçirilən bu layihə də iştirakçıların karyeraları, bilik və bacarıqlarının inkişafına töhfə verən layihədir. Bp “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramını maliyyələşdirməklə Azərbaycanda kadr potensialının inkişafına böyük təkan verir. 

“Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramının yeni qrupunun iştirakçılarından biri olan Bakı Ali Neft Məktəbinin Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov BANM-də yüksək keyfiyyətli təhsil verilməklə yanaşı, əməkdaşların inkişafına da daim dəstək göstərildiyini qeyd edib. Prorektor bildirib ki, Ali Məktəbin 10-dan çox əməkdaşının bu proqramın məzunu olması həmin dəstəyin göstəricisidir. 

“Azərsu” ASC-nin aparat rəhbərinin müavini Zemfira Hüseynbəyli, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi Ramin Quliyev və bp-nin İT üzrə qrup rəhbəri Faiq Nəsibov çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar. 

Qeyd edək ki, “Layihələrin İdarə edilməsi” üzrə beynəlxalq proqramın budəfəki “M-10” qrupuna Bakı Ali Neft Məktəbi, "Xalq Bank" ASC,  “DOST” Agentliyi, bp, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi, Elektron Hökumətin İnkişafı Mərkəzi  və “Azərsu” ASC-də  müxtəlif rəhbər vəzifələrdə çalışan  iştirakçılar qatılıb.

Noyabr ayınadək davam edəcək kurs müddətində iştirakçılara 8 modul – “Layihələrin idarəedilməsi”, “Xərclərə nəzarət”, “Risk menecment”, “Agile and lean”, “Layihədə liderlik, menecment və kommunikasiya”, “Kontrakt menecment”, “PMP imtahanına hazırlıq”, “Layihə menecerləri üçün danışıqların aparılma bacarığı” modulları üzrə təlim kursları keçiriləcək. Təlimlər beynəlxalq səviyyəli peşəkar müəllimlər tərəfindən aparılıb.

“Layihə İdarəetmə Məktəbinin” çox uğurlu fəaliyyətinin davamı olaraq proqram artıq akademik səviyyədən professional səviyyəyə qaldırılıb. Nəticədə məzunlar dünyanın ən güclü universitetlərindən biri olan Dyuk Universitetinin Professional layihə meneceri sertifikatını əldə edirlər. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunur.

Xəbər lenti